Son dəqiqə

ABŞ təyyarə qəzası ABŞ Hərbi Hava Qüvvələri B-52 strateji bombardmançı təyyarəsi

ABŞ-ın ən böyük təyyarəsi qəzaya uğradı

BAKI,TurkicWorld Orxan Qədirzadə

ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 strateji bombardmançı təyyarəsinin Kaliforniya ştatındakı Edvards Hərbi Hava Bazasından havaya qalxdıqdan qısa müddət sonra qəzaya uğraması ilə bağlı yeni məlumatlar açıqlanıb.

ABŞ mətbuatının hərbi mənbələrə istinadən yaydığı məlumatlara görə, təyyarədə olan 8 ekipaj üzvünün hamısının həlak olduğu ehtimal edilir. Məlumatda bildirilir ki, ilkin araşdırmalar qəza zamanı sağ qalma ehtimalının olmadığını göstərib.

Qəzadan sonra hadisə yerində çəkilmiş yeni görüntülər də yayılıb. Həvəskar kameralar vasitəsilə qeydə alınan kadrlarda təyyarənin düşdüyü ərazidən güclü alovun və qalın qara tüstünün yüksəldiyi görünür.

Hadisə ilə bağlı təşkil olunan mətbuat konfransında çıxış edən 412-ci Sınaq Eskadrilyasının komandir müavini polkovnik Ceyms Heys təyyarədə olan bütün şəxslərin həyatını itirdiyini təsdiqləyib.

“Biz səkkiz dəyərli amerikalını itirdik. Dualarımız və fikrimiz yaxınlarını itirən ailələrlədir”, – deyə Heys bildirib.

Polkovnik qeyd edib ki, həlak olanlar hərbçilərdən, dövlət qurumlarında çalışan mülki əməkdaşlardan və müqavilə əsasında fəaliyyət göstərən mülki personaldan ibarət qarışıq heyət olub. O, yaxın qohumlarına hələ rəsmi məlumat verilmədiyi üçün həlak olanların şəxsiyyətləri barədə əlavə məlumat açıqlamayıb.

Məlumata görə, qəzaya uğrayan B-52 bombardmançı təyyarəsi “Radar Modernləşdirmə Proqramı” çərçivəsində həyata keçirilən sınaq uçuşunu yerinə yetirirdi.

Heys bildirib ki, qəzanın başvermə səbəbi hələlik müəyyən edilməyib və hadisə ilə bağlı araşdırmanın altı aya qədər davam edə biləcəyi gözlənilir.

Xatırladaq ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus B-52 bombardmançı təyyarəsi Kaliforniya ştatında yerləşən Edvards Hərbi Hava Bazasından havaya qalxdıqdan qısa müddət sonra naməlum səbəbdən qəzaya uğramışdı.

Hadisədən dərhal sonra Edvards Hərbi Hava Bazasının rəhbərliyi tərəfindən yayılan açıqlamada fövqəladə hallar xidmətlərinin qəza yerinə operativ şəkildə cəlb olunduğu və xilasetmə tədbirlərinin davam etdiyi bildirilmişdi.

Qəzanın dəqiq səbəblərinin müəyyənləşdirilməsi üçün genişmiqyaslı araşdırma aparılır

Mövzuya görə xəbərlər