BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai bildirib ki, gərginliyin azaldılması və müharibənin dayandırılması istiqamətində əldə olunan hər hansı razılaşma İran xalqına qarşı törədilmiş əməllərin unudulacağı anlamına gəlmir.
TurkicWorld xəbər verir ki, Bəqai keçirdiyi mətbuat konfransında həyatını itirənlərlə bağlı ədalətin təmin olunmasının İran üçün daimi və dəyişməz məsələ olduğunu vurğulayıb.
Onun sözlərinə görə, münaqişə zamanı həlak olanların hüquqlarının müdafiəsi və məsul şəxslərin cavabdehliyə cəlb olunması istiqamətində fəaliyyət davam etdiriləcək.
İran rəsmisi qeyd edib ki, ölkəsinə və xalqına qarşı törədildiyini bildirdiyi əməllər heç bir şəraitdə unudula bilməz.
Bəqayi bildirib ki, İran Xarici İşlər Nazirliyi bu hadisələrin sənədləşdirilməsi və beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılması üçün bütün imkanlardan istifadə edəcək.
Onun sözlərinə görə, məsələ ilə bağlı beynəlxalq platformalarda fəaliyyət davam etdiriləcək və bütün faktlar qeydə alınacaq.
Sözçü vurğulayıb ki, gərginliyin azaldılması və müharibənin başa çatdırılması istiqamətində atılan addımlar törədilmiş əməllərin görməzlikdən gəlinməsi kimi qiymətləndirilə bilməz.
Bəqayi əlavə edib ki, Tehran bu məsələdə öz mövqeyini dəyişməyəcək və ədalətin təmin olunmasını prioritet hesab edir.







