BAKI,TurkicWorld,Yusif Şərifzadə
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai ABŞ ilə münasibətlərdə mövcud etimadsızlığın dərin tarixi səbəblərə söykəndiyini bildirib.
TurkicWorld xəbər verir ki, İsmayıl Bəqai jurnalistlərə açıqlamasında İranın ABŞ-yə qarşı etimadsızlığının onilliklər əvvələ, xüsusilə 1953-cü ildə baş vermiş hadisələrə dayandığını deyib.
Onun sözlərinə görə, həmin dövrdə ABŞ və Böyük Britaniyanın dəstəyi ilə İranda demokratik yolla seçilmiş hökumətin devrilməsi Tehranın Vaşinqtona münasibətində dərin izlər buraxıb.
Bəqayi bildirib ki, məhz həmin hadisələrdən sonra iki ölkə arasında etimad ciddi şəkildə zədələnib və bu vəziyyət uzun illər ərzində davam edib.
İran rəsmisi vurğulayıb ki, bu etimadsızlıq müvəqqəti deyil və tarixi köklərə malikdir.
"ABŞ ilə bağlı şübhələrimizin səbəbi keçmiş təcrübələrimizdir. Bu təcrübələr 1953-cü ilə gedib çıxır. Həmin vaxtdan etibarən iki ölkə arasında etimad itirilib", – deyə o qeyd edib.
Bəqayinin sözlərinə görə, Vaşinqtonun Tehranın etimadını yenidən qazanması üçün uzun və çətin mərhələdən keçməsi lazım gələcək.
O əlavə edib ki, İran gələcək münasibətləri konkret addımlar və praktiki nəticələr əsasında qiymətləndirəcək.







