BAKI,TurkicWorld Orxan Qədirzadə
Livanın Hizbullah hərəkatı ölkə hakimiyyətini İranla rəsmi münasibətləri yenidən qurmağa və əməkdaşlığı genişləndirməyə çağırıb.
Hizbullahın yaydığı bəyanatda bildirilib ki, İranın İsrailə qarşı həyata keçirdiyi raket hücumu Livan xalqına dəstəyin və Tehran rəhbərliyinin ölkəyə qarşı siyasi, mənəvi və hərbi öhdəliyinin göstəricisidir.
Hərəkat hesab edir ki, yaranmış şərait Livan hakimiyyəti üçün İranla münasibətləri yenidən nəzərdən keçirmək və iki ölkənin maraqlarına uyğun əməkdaşlığı inkişaf etdirmək baxımından mühüm fürsət yaradır. Bəyanatda qeyd olunub ki, Tehran tərəfindən göstərilən dəstək Livanın milli məqsədlərinə nail olmasına kömək edə bilər.
Hizbullah İsraili atəşkəs razılaşmalarını pozmaqda ittiham edərək bildirib ki, İsrail ABŞ administrasiyasının dəstəyi ilə Livan ərazisinə qarşı hücumlarını davam etdirir və beynəlxalq razılaşmalara məhəl qoymur.
Xatırladaq ki, ötən bazar günü İran apreldə elan edilmiş atəşkəsdən sonra ilk dəfə İsrail istiqamətində raketlər buraxıb. Tehran bunu İsrailin Beyrutun cənub ətrafına endirdiyi zərbələrə cavab və xəbərdarlıq addımı kimi qiymətləndirib.
İran İnqilab Keşikçiləri Korpusu yaydığı bəyanatda bildirib ki, hücum xəbərdarlıq xarakteri daşıyır və analoji hücumlar təkrarlanacağı təqdirdə cavab daha geniş miqyaslı olacaq. İran Xarici İşlər Nazirliyi isə İsrailin şimalındakı hərbi hədəflərə qarşı əməliyyatların özünümüdafiə hüququ çərçivəsində həyata keçirildiyini vurğulayıb.
Hizbullah bəyanatında İranın Livana dəstəyinin davamlı xarakter daşıdığını qeyd edərək, rəsmi Beyrutun bu mövqeyə görə Tehrana təşəkkür etməli olduğunu bildirib.
Bu arada, İranın xarici işlər naziri Abbas Əraqçi bir neçə gün əvvəl Livan Prezidenti Jozef Auna müraciət edərək ölkəni “əsl düşmənindən qorumağa” çağırıb.
Əraqçinin açıqlaması Livan prezidentinin ABŞ mediasına verdiyi müsahibədə İranı Livandan ABŞ və İsraillə münasibətlərində təzyiq aləti kimi istifadə etməkdə ittiham etməsindən sonra səsləndirilib.
Jozef Aun bildirib ki, Livan xalqı uzun illər davam edən münaqişələrdən yorulub və ölkə sülh şəraitində yaşamaq istəyir. O, Livanın maraqlarının xarici güclərin geosiyasi hesablamalarına qurban verilməməsinin vacibliyini vurğulayıb







