Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Ebola virusu karantin mərkəzi Laikipiya Hərbi Hava Bazası Bundibuqyo ştamı Ümumdünya Səhiyyə Təşkilatı bioloji təhlükəsizlik

ABŞ Ebolaya tutulmuş şəxsləri Keniyaya göndərəcək

BAKI,TurkicWorld Orxan Qədirzadə

Keniyanın mərkəzi hissəsində yerləşən hərbi bazada ABŞ vətəndaşları üçün nəzərdə tutulan Ebola karantin mərkəzinin tikintisi ölkədə geniş etirazlara səbəb olub. Layihəyə qarşı çıxan yüzlərlə insan son günlərdə Nanyuki şəhərində küçələrə çıxaraq planlaşdırılan obyektin qarşısında aksiyalar keçirib.

Etirazlar zamanı vəziyyətin gərginləşməsi nəticəsində azı iki nəfər həlak olub, bir nəfər isə yaralanıb.

ABŞ rəsmiləri təsdiqləyiblər ki, mərkəz Laikipiya Hərbi Hava Bazasında fəaliyyət göstərəcək və xarici ölkələrdə Ebola virusuna yoluxmuş və ya virusa məruz qalmış ABŞ vətəndaşlarının qəbul edilməsi üçün istifadə olunacaq. Həmin baza Keniya Silahlı Qüvvələrinin istifadəsindədir.

Mübahisələr fonunda Ebola virusunun yayılması ilə bağlı vəziyyət də narahatlıq doğurur. Ümumdünya Səhiyyə Təşkilatı mayın 17-də Konqo Demokratik Respublikasında nadir rast gəlinən Bundibuqyo ştamının aşkar edilməsindən sonra beynəlxalq ictimai səhiyyə fövqəladə vəziyyəti elan edib.

Mütəxəssislərin sözlərinə görə, bu ştama qarşı hazırda təsdiqlənmiş peyvənd və ya xüsusi müalicə üsulu mövcud deyil. Virus artıq qonşu Uqandaya da yayılıb.

Rəsmi məlumatlara əsasən, Konqo Demokratik Respublikasında ən azı 321 nəfər virusa yoluxub, 48 nəfər həyatını itirib. Uqandada isə bir ölüm halı qeydə alınıb və doqquz yoluxma faktı təsdiqlənib.

Hazırda Keniyada Ebola virusuna yoluxma halı qeydə alınmayıb və ölkə tarixində bu xəstəlik ilk dəfədir ki, belə ciddi müzakirə mövzusuna çevrilir.

Etirazçıların əsas narahatlığı virusun ölkəyə gətirilməsi riskidir. Yerli səhiyyə işçiləri bildirirlər ki, Ebola ilə mübarizə aparmaq üçün Keniyanın səhiyyə sistemi kifayət qədər hazırlıqlı deyil.

Keniya Həkimlər, Əczaçılar və Stomatoloqlar İttifaqı bəyanat yayaraq ölkənin "təcrid koloniyasına" çevrilməsinə imkan verməyəcəklərini bildirib.

Təşkilatın açıqlamasında qeyd olunub ki, əgər Ebola xəstələrinin ABŞ-a gətirilməsi təhlükəli hesab edilirsə, həmin xəstələrin Keniyaya göndərilməsi də eyni dərəcədə təhlükəlidir.

ABŞ daha əvvəl açıqlamışdı ki, xarici ölkələrdə Ebola virusuna yoluxan amerikalılar artıq birbaşa vətənə aparılmayacaq və xüsusi yaradılan Keniya mərkəzində müalicə olunacaqlar. Mərkəzin ilkin mərhələdə 50 çarpayılıq tutuma malik olacağı bildirilib.

ABŞ dövlət katibi Marko Rubio hökumətin iclasında çıxışı zamanı ölkəsinə Ebola hallarının daxil olmasına imkan verməyəcəklərini bəyan edib.

Vaşinqton eyni zamanda Keniyanın Ebola hazırlığı proqramlarına 13,5 milyon dollar vəsait ayıracağını açıqlayıb. Bundan əlavə, regional mübarizə tədbirləri üçün 112 milyon dollar maliyyə dəstəyi nəzərdə tutulub.

Məlumata görə, yaradılacaq mərkəzdə təcrid bölmələri və yüksək bioloji təhlükəsizlik sistemləri qurulacaq. ABŞ İctimai Səhiyyə Xidmətinin təxminən 30 əməkdaşı xüsusi hazırlıq keçdikdən sonra Keniyaya göndərilib.

Layihə hüquqi mübahisələrə də səbəb olub. Katiba İnstitutu və Keniya Hüquq Cəmiyyəti layihənin həyata keçirilməsinə qarşı Nairobi Ali Məhkəməsinə müraciət ediblər.

Müraciətdə qeyd olunur ki, ictimaiyyətlə məsləhətləşmələr aparılmayıb, əhali üçün sağlamlıq riskləri qiymətləndirilməyib və Keniyanın səhiyyə sistemi Ebola kimi təhlükəli xəstəliklə mübarizə aparmaq üçün məhdud imkanlara malikdir.

Ali Məhkəmə ötən həftə tikinti işlərini və xəstələrin qəbulunu müvəqqəti dayandırıb. Bu həftə isə məhdudiyyət ən azı üç həftə müddətinə uzadılıb.

Buna baxmayaraq, Keniya Prezidenti Uilyam Ruto layihəni müdafiə edib. O bildirib ki, ABŞ uzun illərdir Keniyanın səhiyyə və inkişaf proqramlarının əsas tərəfdaşlarından biridir və layihə iki ölkə arasındakı əməkdaşlığın nəticəsidir.

Prezident vurğulayıb ki, hökumət ölkəni mümkün Ebola təhlükəsindən qorumaq üçün bütün zəruri tədbirləri görüb və vətəndaşların təşvişə düşməsinə əsas yoxdur.

Eyni zamanda, Keniyanın səhiyyə naziri Aden Bare Duale mərkəzin yalnız ABŞ vətəndaşları üçün deyil, zərurət yarandığı halda keniyalılar üçün də istifadə edilə biləcəyini açıqlayıb. Bununla belə, ABŞ tərəfi bu məlumatı hələ rəsmi şəkildə təsdiqləməyib.

Layihə ABŞ daxilində də mübahisələr doğurub. ABŞ Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin bəzi əməkdaşları təşəbbüsə qarşı çıxaraq Ebola xəstələrinin ABŞ-da müalicə olunmasının daha məqsədəuyğun olduğunu bildiriblər.

Mütəxəssislərin fikrincə, xəstələrin ailələrindən və sosial dəstək sistemlərindən uzaqda müalicə olunması əlavə problemlər yarada bilər.

Qeyd edək ki, əvvəlki illərdə Ebola virusuna yoluxan ABŞ vətəndaşları həmişə xüsusi tibbi reyslərlə ABŞ-a gətirilərək ölkə daxilində müalicə olunublar.

Mövzuya görə xəbərlər