Son dəqiqə

Fələstin Almaniya Qəzza İsrail və Qəzza münaqişəsi Qəzza humanitar böhranı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası

Almaniya ilk dəfə BMT Təhlükəsizlik Şurasına seçilə bilmədi - Səbəb Qəzzadır

BAKI,TurkicWorld Orxan Qədirzadə

Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının qeyri-daimi üzvlüyü üzrə keçirilən seçkilərdə Almaniya tarixində ilk dəfə uğursuzluqla üzləşib. BMT Baş Assambleyasında keçirilən gizli səsvermənin nəticələrinə əsasən, Qərbi Avropa və digər dövlətlər qrupuna ayrılmış iki yer uğrunda mübarizədə Portuqaliya və Avstriya qalib gəlib.

193 üzv dövlətdən ibarət olan BMT-də keçirilən səsvermədə Portuqaliya 134, Avstriya isə 131 səs toplayaraq Təhlükəsizlik Şurasına seçilib. Almaniya isə 104 səslə üçüncü yerdə qərarlaşıb və tələb olunan səs çoxluğunu əldə edə bilməyib.

Bununla da Almaniya indiyədək iştirak etdiyi bütün Təhlükəsizlik Şurası seçkilərindəki uğurlu seriyasını itirib. Ölkə daha əvvəl altı dəfə Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü olub və sonuncu dəfə 2019–2020-ci illərdə bu statusla fəaliyyət göstərib. Almaniyanın yenidən birləşməsindən sonra ölkə mütəmadi olaraq qeyri-daimi üzvlük uğrunda namizədliyini irəli sürür və hər dəfə seçilməyə nail olurdu.

2027–2028-ci illər üçün Təhlükəsizlik Şurasına seçilən yeni üzvlər Avstriya, Portuqaliya, Qırğızıstan, Trinidad və Tobaqo, həmçinin Zimbabve olub. Onlar gələn ilin yanvarından etibarən fəaliyyətə başlayacaqlar.

Almaniyanın uğursuzluğunun səbəbləri ilə bağlı müxtəlif qiymətləndirmələr irəli sürülür. Bir sıra beynəlxalq müşahidəçilər hesab edir ki, Berlinin son illərdə Yaxın Şərq və Ukrayna ilə bağlı siyasəti bəzi ölkələrin narazılığına səbəb olub. Digər tərəfdən, Almaniya rəsmiləri seçkinin nəticələrinə Rusiyanın Almaniya əleyhinə diplomatik fəaliyyətinin də təsir göstərdiyini bildiriblər.

Bəzi beynəlxalq media orqanları və analitiklər Almaniyanın İsrailə verdiyi dəstəyin, Qəzza müharibəsi ilə bağlı mövqeyinin, eləcə də inkişaf etməkdə olan ölkələrlə münasibətlərdə yaranan narazılıqların səsverməyə təsir etmiş ola biləcəyini qeyd edirlər. Bununla belə, BMT-də səsvermə gizli keçirildiyi üçün ölkələrin hansı səbəbdən Almaniyanı dəstəkləmədiyini dəqiq müəyyənləşdirmək mümkün deyil.

BMT Təhlükəsizlik Şurası beynəlxalq sülh və təhlükəsizlik məsələləri üzrə qərarlar qəbul edən əsas qurum hesab olunur. Şuranın daimi üzvləri Amerika Birləşmiş Ştatları, Rusiya, Çin, Birləşmiş Krallıq və Fransadir. Qalan 10 yer isə müxtəlif regional qruplar üzrə ikiillik müddətə seçilən qeyri-daimi üzvlər arasında bölüşdürülür.

Mövzuya görə xəbərlər