Son dəqiqə

Səudiyyə Ərəbistanı Həcc ziyarəti Məkkə şəhəri Mədinə şəhəri Həcc təhlükəsizlik tədbirləri Həcc və Ümrə ziyarəti Həcc 2026

Səudiyyə Ərəbistanı builki Həcc mövsümünü “müstəsna uğur” adlandırdı

BAKI,TurkicWorld Orxan Qədirzadə

Səudiyyə Ərəbistanının Məkkə bölgəsi üzrə qubernator müavini Şahzadə Səud bin Mişəl bin Əbdüləziz 2026-cı il Həcc mövsümünün “müstəsna uğurla” başa çatdığını bəyan edib.

O bildirib ki, Həcc ziyarətinin uğurla keçirilməsi hər şeydən əvvəl Allahın lütfü, daha sonra isə Səudiyyə rəhbərliyinin davamlı dəstəyi, göstərişləri və hazırlıq prosesinin bütün mərhələlərinə nəzarəti sayəsində mümkün olub.

Şahzadə Səud bin Mişəl vurğulayıb ki, builki Həcc mövsümü Səudiyyə Ərəbistanının zəvvarlara xidmət sahəsindəki imkanlarını və təşkilatçılıq qabiliyyətini bir daha nümayiş etdirib. Onun sözlərinə görə, təhlükəsizlik, logistika, səhiyyə və xidmət sahələrində yaradılmış inteqrasiya olunmuş sistem zəvvarların ibadətlərini rahat və təhlükəsiz şəkildə yerinə yetirməsinə şərait yaradıb.

Rəsmi şəxs qeyd edib ki, müqəddəs məkanlarda müşahidə olunan yüksək təşkilatçılıq və nizam-intizam müxtəlif dövlət qurumlarının koordinasiyalı fəaliyyətinin nəticəsi olub. O əlavə edib ki, Həcc mövsümü ölkənin milyonlarla insanın hərəkətini effektiv şəkildə idarə etmək bacarığını bir daha təsdiqləyib.

Şahzadə Səud bin Mişəl bildirib ki, zəvvarlar ibadətlərini təhlükəsizlik, rahatlıq və qayğı mühitində yerinə yetiriblər. Onun sözlərinə görə, Həcc dövründə əldə olunan nəticələr Səudiyyə rəhbərliyinin zəvvarlara xidmət göstərilməsini prioritet hesab edən siyasətinin məhsuludur.

Rəsmi şəxs vurğulayıb ki, Həcc mövsümünün uğurla başa çatması işlərin yekunlaşması deyil, gələcək mövsümlər üçün yeni öhdəliklərin başlanğıcıdır. O, Səudiyyə Ərəbistanının İslam dünyasına xidmət missiyasını davam etdirəcəyini qeyd edib.

Bu arada, Minada tələsik ayrılmaq istəyən zəvvarlar Zilhiccə ayının 12-ci günündə şeytan daşlama mərasimini başa vurduqdan sonra müqəddəs əraziləri tərk etməyə başlayıblar. Daha sonra onlar Məkkədə yerləşən Kəbə ətrafında vida təvafını yerinə yetirərək Həcc ibadətlərini tamamlayıblar.

Yüz minlərlə zəvvar isə Mədinə şəhərinə yollanaraq Peyğəmbər Məscidini ziyarət etməyə başlayıb. Digər zəvvarlar ölkələrinə qayıdarkən, Minada qalmağa üstünlük verənlər Zilhiccənin 13-cü günü şeytan daşlama mərasimini davam etdiriblər.

Məkkədə yerləşən Məscidül-Həram ərazisində də intensiv hərəkətlilik müşahidə olunub. İki Müqəddəs Məscidin İşləri üzrə Baş İdarə və aidiyyəti qurumlar tərəfindən həyata keçirilən əməliyyat planı çərçivəsində zəvvarların hərəkətinin təhlükəsiz və fasiləsiz təşkili təmin edilib.

Səlahiyyətli qurumlar erkən ayrılan zəvvarların hərəkətini asanlaşdırmaq və Məscidül-Həram daxilində sıxlığın qarşısını almaq üçün bütün imkanlarını səfərbər ediblər.

Bununla yanaşı, İki Müqəddəs Məscidin İşləri üzrə Baş İdarə Həcc ibadətini başa vurduqdan sonra Mədinəyə gələn zəvvarların qəbuluna hazırlıqların tamamlandığını açıqlayıb. Hazırlıq planı çərçivəsində Peyğəmbər Məscidi və onun bütün xidmət infrastrukturu ziyarətçilərin təhlükəsiz və rahat şəkildə qəbul edilməsi üçün hazır vəziyyətə gətirilib

Mövzuya görə xəbərlər