BAKI,TurkicWorld,Yusif Şərifzadə
Qəzza şəhərində İsrailə məxsus pilotsuz uçuş aparatının həyata keçirdiyi hücum nəticəsində ölən və yaralananların olduğu bildirilir. Hadisə şəhərin şərq hissəsində qeydə alınıb.
TurkicWorld xəbər verir ki, Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, İsrailə məxsus pilotsuz uçuş aparatı Qəzza şəhərinin şərqində yerləşən Tuffah məhəlləsindəki əl-Şava meydanına zərbə endirib.
Məlumata əsasən, hücum nəticəsində 3 fələstinli həlak olub, bir neçə nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb.
Bildirilir ki, zərbə mülki şəxslərin olduğu əraziyə endirilib. Hadisə müsəlmanların cümə namazı qıldığı və ailələrin bir araya gəldiyi gün baş verib.
Qəzza zolağında davam edən hərbi əməliyyatlar fonunda mülki itkilərin artması beynəlxalq təşkilatlar və humanitar qurumlar tərəfindən ciddi narahatlıqla izlənilir. Son aylarda bölgədə təhlükəsizlik və humanitar vəziyyətin daha da ağırlaşdığı bildirilir.







