Son dəqiqə

Fələstin Qətər futbol etiraz aksiyası humanitar yardım Qəzza İrlandiya Heymir Hallqrimsson Aviva Stadionu UEFA Millətlər Liqası

Heymir Hallqrimsson: Oyunun məhv edilməsini görmək xoş deyil

BAKI,TurkicWorld,Yusif Şərifzadə

İrlandiyada İsrailə qarşı keçiriləcək UEFA Millətlər Liqası oyunlarının boykot edilməsini tələb edən fəallar futbol matçı zamanı etiraz aksiyası keçiriblər. Aksiya İrlandiya millisinin baş məşqçisinin də reaksiyasına səbəb olub.

TurkicWorld xəbər verir ki, Dublin şəhərindəki Aviva Stadionunda keçirilən İrlandiya–Qətər qarşılaşmasının ilk hissəsində etirazçılar meydana üzərində Fələstin bayrağı təsvir edilmiş tennis topları atıblar.

Bununla yanaşı, tribunaların müxtəlif hissələrində “Oyunu dayandırın” şüarları yazılmış bannerlər nümayiş etdirilib. Aksiyanın İsrailin Qəzza zolağında davam etdirdiyi hərbi əməliyyatlara etiraz məqsədilə təşkil olunduğu bildirilib.

İrlandiya millisinin baş məşqçisi Heymir Hallqrimsson hadisəyə münasibət bildirərək hər kəsin etiraz etmək hüququna malik olduğunu, lakin bunun mənfi nəticələrinin də olduğunu deyib.

“Əgər onlar bizim üçün oyunu məhv etmək istəyirlərsə, qoy belə olsun. Açığı, bunu görmək xoş deyil, xüsusilə də bizim üçün – biz futbol tərəfini düşünməyə çalışırıq”, – deyə baş məşqçi bildirib.

Hallqrimsson vurğulayıb ki, insanların öz fikirlərini ifadə etmək hüququ var, lakin idman tədbirlərinin siyasi etiraz meydanına çevrilməsi oyun prosesinə mənfi təsir göstərə bilər.

Xatırladaq ki, ötən ilin oktyabr ayında Norveç Futbol Federasiyası İsraillə keçirilən dünya çempionatının seçmə mərhələ oyunundan əldə olunacaq gəlirin Qəzzadakı humanitar yardımlara yönəldiləcəyini açıqlamış və bölgədəki humanitar vəziyyətə biganə qala bilməyəcəyini bəyan etmişdi.

Mövzuya görə xəbərlər