BAKI,TurkicWorld Yusif Şərifzadə
Pakistanın nüfuzlu hərbi rəhbəri, feldmarşal Asim Munirin yüksək səviyyəli təhlükəsizlik nümayəndə heyəti ilə birlikdə Tehrana yollandığı təsdiqlənib. Səfər regionda davam edən diplomatik proseslər fonunda diqqət mərkəzinə çevrilib.
TurkicWorld xəbər verir ki, səfər Pakistanın daxili işlər naziri Möhsin Nəqvinin son üç gün ərzində İran rəsmiləri ilə keçirdiyi yüksək səviyyəli görüşlərdən sonra baş tutub. Son günlər aparılan təmaslar ABŞ-İran münasibətləri və regional təhlükəsizlik məsələləri baxımından da diqqətlə izlənilir.
Siyasi müşahidəçilər və analitiklər Asim Munirin səfərini müxtəlif aspektlərdən qiymətləndirirlər. Bir qrup hesab edir ki, daxili işlər naziri səviyyəsində aparılan danışıqlar gözlənilən nəticəni verməyib və buna görə prosesə daha yüksək səviyyədə müdaxilə zərurəti yaranıb. Digər qiymətləndirmələrə görə isə danışıqlarda müəyyən irəliləyiş əldə olunub və feldmarşalın səfəri mümkün razılaşmanın siyasi və təhlükəsizlik aspektlərinin yekunlaşdırılması məqsədi daşıyır.
Analitiklərin fikrincə, Asim Munirin Tehrana səfəri ümumilikdə müsbət siqnal kimi qəbul edilir. Xatırladılır ki, onun əvvəlki Tehran səfəri zamanı yalnız siyasi rəhbərlərlə deyil, həm də İranın təhlükəsizlik və hərbi strukturlarının rəhbərləri ilə görüşlər keçirilib. Məlumata görə, həmin təmaslarda regional sabitlik və sülh razılaşmalarının strateji əhəmiyyəti müzakirə olunub.
Hazırda səfərin gündəliyi ilə bağlı rəsmi təfərrüatlar açıqlanmasa da, müşahidəçilər görüşlərin regionda diplomatik proseslərə təsir göstərə biləcəyini istisna etmirlər.







