BAKI,TurkicWorld Yusif Şərifzadə
Fələstin Prezidenti Mahmud Abbas cümə axşamı Ramallahda keçirilən Fəth Hərəkatının VIII Konfransının açılışında bildirib ki, Fələstin dövlətçiliyi məsələsi həll olunduqdan sonra regiondakı digər problemlər də öz həllini tapacaq.
TurkicWorld xəbər verir ki, çıxışı zamanı Mahmud Abbas Fələstin siyasi qrupları arasında birliyin vacibliyini vurğulayıb və Fələstin Azadlıq Təşkilatının (FAT) Fələstin xalqının yeganə legitim nümayəndəsi kimi tanınmasının bu birliyin əsasını təşkil etdiyini bir daha qeyd edib.
O, həmçinin Qəzzanın Fələstin dövləti üçün əhəmiyyətini vurğulayıb və İsrailin işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə həyata keçirdiyi hərbi əməliyyatları və məskunlaşma fəaliyyətlərini tənqid edib.
Konfrans, Fələstin Muxtariyyətinin aparıcı siyasi qüvvəsi olan Fəth Hərəkatı üçün həssas bir dövrə təsadüf edir. Hazırda İran və ABŞ arasında Tehranın nüvə proqramı və Hörmüz boğazına nəzarət məsələləri ətrafında davam edən gərginlik qlobal təsirlər yaradır.
Fələstin Prezidenti İsrailin Livana qarşı gündəlik hücumlarını da pisləyib. Eyni zamanda, o, İranın hücumlarına məruz qalan Körfəz ölkələri ilə həmrəylik ifadə edib.







