BAKI,TurkicWorld, Orxan Qədirzadə
ABŞ-də keçmiş təhlükəsizlik rəsmisinə qarşı ciddi ittiham irəli sürülüb.
TurkicWorld xəbər verir ki, ABŞ məhkəmə orqanları Federal Təhqiqat Bürosunun (FTB) sabiq direktoru Ceyms Komini ölkənin prezidenti Donald Trampı ölümlə hədələməkdə ittiham edib.
ABŞ Ədliyyə Nazirliyinin rəsmisi Todd Blanş bildirib ki, Komi “ABŞ prezidentini qəsdən öldürməklə hədələmək” və “ştatlararası təhdid” maddələri üzrə məsuliyyətə cəlb olunur. Hər iki maddə üzrə maksimum cəza 10 il həbs nəzərdə tutur.
İttihamın əsası - sosial şəbəkə paylaşımı
İstintaq materiallarına görə, ittiham Şimali Karolina ştatında böyük jüri tərəfindən təsdiqlənib və Kominin sosial şəbəkədə etdiyi paylaşım əsas sübut kimi təqdim olunub.
Bildirilir ki, həmin paylaşımda yer alan “47” və “86” rəqəmləri prezidentə qarşı zorakılıq niyyəti kimi şərh edilib. Donald Tramp bu rəqəmlərin “öldürmək” anlamına gəldiyini və “47”nin onun ABŞ-ın 47-ci prezidenti olmasına işarə etdiyini iddia edib.
Rəsmi sənədlərdə paylaşım “prezidentə qarşı təhlükəli niyyətin ifadəsi” kimi qiymətləndirilib.
Komi ittihamları rədd edir
Ceyms Komi isə ona qarşı irəli sürülən ittihamları qəbul etmədiyini bildirib. O, açıqlamasında günahsız olduğunu vurğulayaraq federal məhkəmə sisteminə inandığını qeyd edib.
Qeyd edək ki, Komi daha əvvəl sözügedən paylaşımı silmiş və bəzi şəxslərin həmin rəqəmləri zorakılıqla əlaqələndirdiyini anlamadığını bildirmişdi.
Gərginlik fonunda yeni ittiham
Bu hadisə ABŞ-də siyasi gərginliyin artdığı bir dövrə təsadüf edir. Məlumata görə, bir neçə gün əvvəl Vaşinqtonda Trampa qarşı mümkün sui-qəsd cəhdi ilə bağlı şübhəli şəxs saxlanılmışdı.
Analitiklər hesab edirlər ki, bu iş ABŞ-də siyasi və hüquqi qarşıdurmanın daha da dərinləşməsinə səbəb ola bilər.
