Son dəqiqə

ABŞ TikTok ByteDance ABŞ Ədliyyə Nazirliyi Federal Ticarət Komissiyası uşaqların məxfiliyi

ABŞ TikTok-la 400 milyon dollarlıq məxfilik razılaşmasına gəlib

BAKI,TurkicWorld,Yusif Şərifzadə

ABŞ Ədliyyə Nazirliyi TikTok və onun keçmiş əsas sahibi olan Çinin “ByteDance” şirkətinə qarşı uşaqların internetdə məxfiliyinin qorunması qaydalarının pozulması ilə bağlı irəli sürülən iddiaların 400 milyon dollar müqabilində həll edilməsi barədə razılığa gəlib.

TurkicWorld xəbər verir ki, razılaşmaya əsasən, TikTok 13 yaşdan kiçik milyonlarla uşağın məlumatlarını valideynlərinin razılığı olmadan toplaması və məlumatların silinməsi ilə bağlı müraciətləri lazımi qaydada yerinə yetirməməsi barədə ittihamların həlli üçün 400 milyon dollar ödəyəcək.

İş TikTok və “ByteDance” şirkətlərinin uşaqların internetdə məxfiliyinin qorunmasına dair ABŞ qanunlarını, həmçinin Federal Ticarət Komissiyası ilə 2019-cu ildə əldə edilmiş razılaşmanın şərtlərini pozduğu iddiaları ilə bağlı idi.

ABŞ Ədliyyə Nazirliyi razılaşmanın əldə edilməsini 2024-cü ildə məhkəmə iddiası qaldırıldıqdan sonra TikTok-un idarəetmə, mülkiyyət strukturu və məxfilik siyasətində baş vermiş “əhəmiyyətli dəyişikliklərlə” əsaslandırıb.

Nazirliyin açıqlamasında bildirilib ki, şirkət azyaşlı istifadəçilərin müdafiəsinin gücləndirilməsi, yaşın müəyyənləşdirilməsi ilə bağlı nəzarət vasitələrinin təkmilləşdirilməsi və valideyn nəzarətinin artırılması üçün geniş tədbirlər həyata keçirib.

ABŞ baş prokurorunun köməkçisi Brett Şumeyt bildirib ki, prosesin ən mühüm nəticəsi uşaqların və valideynlərin hazırda məhkəmə işi başlanarkən olduğundan daha yaxşı qorunmasıdır.

Razılaşma, həmçinin Federal Ticarət Komissiyası ilə TikTok-un sələfi “Musical.ly” arasında 2019-cu ildə əldə edilmiş razılıq qərarının ləğv edilməsini nəzərdə tutur. Bununla TikTok-a qarşı həmin qərar çərçivəsində tətbiq edilən məxfilik öhdəlikləri də aradan qaldırılır.

TikTok hazırda ABŞ sərmayəçilərindən ibarət qrupun nəzarət etdiyi birgə müəssisə kimi fəaliyyət göstərir. “ByteDance” isə şirkətdə 19,9 faizlik payını saxlayır.

TikTok razılaşma ilə bağlı ilkin sorğuya münasibət bildirməyib.

Qərar ABŞ-də keçmiş Federal Ticarət Komissiyası rəsmilərinin tənqidinə də səbəb olub. Bayden administrasiyası dövründə qurumun ictimaiyyətlə əlaqələr üzrə direktoru olmuş Duqlas Farrar 400 milyon dollarlıq məbləğin TikTok-a qarşı irəli sürülən pozuntuların miqyası ilə müqayisədə kifayət qədər böyük olmadığını bildirib.

Farrar razılaşmanı Tramp administrasiyasının TikTok-un yeni ABŞ mülkiyyət strukturu ilə əlaqəli şəxslərə güzəşti kimi qiymətləndirib və şirkətin uşaqların məxfiliyi ilə bağlı daha sərt məsuliyyət daşımalı olduğunu iddia edib.

Mövzuya görə xəbərlər