BAKI,TurkicWorld, Orxan Qədirzadə
İsrail ordusunun Livanın cənubunda mülki əmlakın talan edilməsi ilə bağlı iddialar yayılıb.
TurkicWorld xəbər verir ki, İsrailin “Haaretz” nəşri hərbçilərin ifadələrinə istinadən bəzi əsgərlərin Livanın cənubunda yerləşən ev və obyektlərdən mülki əmlakları götürdüyünü yazıb.
Məlumata görə, iddialarda motosikletlər, televizorlar, sənət əsərləri və digər əşyaların götürülməsinin geniş yayılmış hal aldığı qeyd olunur.
Nəşr bildirir ki, bu cür halların ayrı-ayrı epizodlarla məhdudlaşmadığı və bəzi hərbi bölmələrdə sistemli xarakter aldığı iddia edilir.
Eyni zamanda xəbərdə qeyd olunub ki, hərbi rəhbərliyin bu iddialardan məlumatlı olduğu, lakin onların qarşısının alınması istiqamətində yetərli tədbirlərin görülmədiyi irəli sürülür.
İsrail ordusu isə yayılan məlumatlara münasibət bildirərək qeyd edib ki, qanun pozuntuları ilə bağlı intizam və cinayət tədbirləri tətbiq olunur və hərbi polis tərəfindən yoxlamalar aparılır.
Analitiklər hesab edir ki, bu iddialar regionda onsuz da yüksək olan gərginliyi daha da artıraraq beynəlxalq müzakirələrə səbəb ola bilər.







