BAKI,TurkicWorld Yusif Şərifzadə
İsrailin xarici işlər naziri Gideon Saar Avropa İttifaqının işğal altındakı İordan çayının qərb sahilində zorakılıqda ittiham olunan israilli məskunlaşanlara qarşı tətbiq etdiyi sanksiyaları sərt şəkildə tənqid edib. TurkicWorld xəbər verir ki, israilli nazir Aİ qərarını “siyasi motivli” adlandırıb.
Gideon Saar “X” sosial şəbəkəsində paylaşdığı açıqlamada bildirib ki, Avropa İttifaqı heç bir hüquqi əsas olmadan israilli vətəndaşlara və qurumlara qarşı özbaşına sanksiyalar tətbiq edir.
Nazir vurğulayıb ki, İsrail yəhudi xalqının “tarixi vətənində məskunlaşmaq hüququnu” müdafiə etməyə davam edəcək.
Qeyd edək ki, beynəlxalq hüquqa əsasən işğal altındakı Fələstin ərazilərində İsrail yaşayış məntəqələrinin salınması qanunsuz hesab olunur.
BMT və beynəlxalq insan hüquqları təşkilatları son aylarda Qərb sahilində fələstinlilərə qarşı zorakılığın artdığı barədə dəfələrlə xəbərdarlıq edib. Bildirilir ki, israilli məskunlaşanlar bir çox hallarda hərbi qüvvələrlə koordinasiyalı şəkildə fəaliyyət göstərirlər.
BMT-nin məlumatına görə, 2023-cü il oktyabrın 7-dən etibarən bölgədə 1000-dən çox fələstinli həyatını itirib.







