BAKI,TurkicWorld Yusif Şərifzadə
Livanda davam edən gərginlik fonunda Banqladeş İsrailin ölkənin cənubuna endirdiyi son zərbələri sərt şəkildə pisləyib və beynəlxalq humanitar hüquqa əməl olunmasına çağırış edib.
TurkicWorld xəbər verir ki, Banqladeş Xarici İşlər Nazirliyinin yaydığı bəyanatda İsrail qüvvələrinin Livanın cənubunda həyata keçirdiyi hücum “dəhşətli” adlandırılıb. Rəsmi Dəkkə bildirib ki, hücum nəticəsində iki Banqladeş vətəndaşı faciəvi şəkildə həlak olub.
Məlumata görə, həyatını itirən şəxslər Banqladeşin Satxira rayonunun sakinləri Şafiqul İslam və Nahidul İslam Nahid olub.
Banqladeş hökuməti Livanda davam edən zorakılıq və mülki şəxslərin ölümü ilə bağlı ciddi narahatlığını ifadə edib. Bəyanatda İsrail maksimum təmkin nümayiş etdirməyə və beynəlxalq humanitar hüququn norma və prinsiplərinə riayət etməyə çağırılıb.
Qeyd olunub ki, Banqladeşin Livandakı səfirliyi həlak olan şəxslərin meyitlərinin vətənə qaytarılması üçün yerli hakimiyyət orqanları ilə koordinasiyalı fəaliyyət göstərir.







