BAKI,TurkicWorld Yusif Şərifzadə
İsrail Mərkəzi Bankı xarici valyuta bazarına müdaxilə ilə bağlı tələsmədiyini açıqlayıb. TurkicWorld xəbər verir ki, bu barədə qurumun sədr müavini Endryu Abir “Reuters” agentliyinə müsahibəsində danışıb.
Onun sözlərinə görə, möhkəmlənən İsrail şekeli ölkədə inflyasiyanın nəzarətdə saxlanılmasına müsbət təsir göstərir. Abir bildirib ki, milli valyutanın güclənməsi qiymət artımlarının məhdudlaşdırılmasına yardım edir.
Bununla yanaşı, İsrail Mərkəzi Bankının rəsmisi bazarların geosiyasi vəziyyətlə bağlı həddindən artıq nikbin mövqe nümayiş etdirdiyini də vurğulayıb.
Hazırda dollar/şekel məzənnəsinin təxminən 2,90 səviyyəsində olduğu qeyd edilir. Bu göstərici 1993-cü ildən bəri qeydə alınan ən aşağı səviyyə hesab olunur.
Ekspertlər hesab edirlər ki, şekelin güclənməsi ölkənin maliyyə bazarlarında sabitlik siqnalı kimi qiymətləndirilsə də, regional geosiyasi risklər valyuta bazarlarında dəyişkənlik ehtimalını qoruyub saxlayır.







