Mərkəzi Bank

Mərkəzi Bank və "S&P Global Ratings" arasında bank sektorundakı vəziyyət müzakirə edilib

BAKI,TurkicWorld

Azərbaycan Mərkəzi Bankında "S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin maliyyə xidmətləri və suveren reytinqlər üzrə məsul nümayəndələrinin daxil olduğu nümayəndə heyəti ilə görüş keçirilib.

Bankın məlumatında bildirilir ki, görüş zamanı Azərbaycanın bank sektorundakı mövcud vəziyyət və onun inkişafında müşahidə olunan tendensiyalar müzakirə edilib.

"Görüşdə Azərbaycanın bank sektorundakı cari vəziyyət və müşahidə olunan inkişaf meyilləri, prudensial tənzimləmə, risk-əsaslı nəzarət və rezolyusiya çərçivələrinin təkmilləşdirilməsi istiqamətində Mərkəzi Bank tərəfindən həyata keçirilmiş tədbirlər, maliyyə sabitliyi məsələləri, eləcə də növbəti strateji dövr üçün nəzərdə tutulan təşəbbüslər müzakirə edilib.Bununla yanaşı, ölkədəki makroiqtisadi vəziyyət, regionda baş verən hadisələrin ölkə iqtisadiyyatına təsiri və monetar siyasətin transmissiya mexanizmi ilə bağlı məsələlər də diqqət mərkəzində olub", -deyə məlumatda vurğulanır.

Qeyd edək ki, bundan əvvəl "S&P Global Ratings" beynəlxalq reytinq agentliyi Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin son dörd il ərzindəki fəaliyyətinin nəticələrini müsbət qiymətləndirib.

Agentliyin hesabatında qeyd olunur ki, 2024–2025-ci illərdə ölkənin bank sistemi sabitliyini qoruyub saxlayıb, tənzimləyici qurum isə bank nəzarəti və tənzimlənməsinin təkmilləşdirilməsi istiqamətində bir sıra tədbirlər həyata keçirib. Xüsusilə, korporativ idarəetmə standartları, Basel III standartlarına uyğun likvidliyin idarə edilməsi tələbləri, əməliyyat və bazar risklərinin idarə olunması üzrə yeni qaydalar tətbiq edilib, həmçinin bankların prudensial hesabatlılığına dair tələblər sərtləşdirilib.

"S&P" həmçinin qeyd edib ki, 2025-ci ilin mart ayında Azərbaycan Mərkəzi Bankı kreditləşmənin sürətli artımı ilə bağlı riskləri azaltmaq məqsədilə 0,5 faizlik kontrtsiklik kapital buferini aktivləşdirib. Agentlik tənzimləyici qurumun növbəti prioritetləri sırasında riskəsaslı nəzarət modelinin tətbiqini, MHBS 9 standartına keçidi və stress-testlərin gücləndirilməsini qeyd edib.

Mövzuya görə xəbərlər