BAKI,TurkicWorld
Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının təşəbbüsü və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin dəstəyi ilə “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” adlı layihə-müsabiqəyə start verilir.
TurkicWorld Qərbi Azərbycan icmasına istinad edərəkxəbər verir ki, bununla əlaqədar 13 may 2026-cı il tarixində Qərbi Azərbaycan İcmasında mətbuat konfransı keçirilib.
Tədbiri giriş sözü ilə açan Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri Əziz Ələkbərli bildirib ki, qarşıda duran əsas vəzifələrdən biri milli-mənəvi dəyərlərimizə, tarixi irsimizə və xalqımıza məxsus maddi-mədəni sərvətlərə sahib çıxmaqdır.
Əziz Ələkbərli qeyd edib ki, Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və zəngin irsinin qorunması və gələcək nəsillərə çatdırılması mühüm əhəmiyyət daşıyır. O vurğulayıb ki, milli yaddaşın yaşadılması, tarixi həqiqətlərin gənc nəslə çatdırılması bu istiqamətdə həyata keçirilən fəaliyyətin əsas məqsədlərindəndir. İcma sədri əlavə edib ki, belə layihələr məktəblilərin milli irsə marağının artırılması və onların tarixə bağlı ruhda yetişdirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.
Daha sonra çıxış edən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Vəfa Yaqublu layihənin gənclərin maarifləndirilməsi, milli-mənəvi dəyərlərin təbliği və məktəblilərin yaradıcılıq potensialının inkişafı baxımından əhəmiyyətini vurğulayıb. O bildirib ki, müsabiqə ümumtəhsil məktəblərinin şagirdləri arasında keçiriləcək.Müsabiqənin şərtlərinə əsasən, şagirdlər komandalar şəklində iştirak edərək təqdim olunan siyahıdan seçdikləri Qərbi Azərbaycana aid tarixi abidələrin maketlərini hazırlayacaq, eyni zamanda həmin abidələr barədə araşdırmalarını təqdim edəcəklər.
Bildirilib ki, iştirakçılar iki mərhələdə münsiflər heyəti tərəfindən qiymətləndiriləcəklər. Qiymətləndirmə zamanı maketlərin texniki işlənməsi, estetik görünüşü və yaradıcı yanaşma ilə yanaşı, şagirdlərin təqdim etdikləri tarixi abidələr haqqında bilikləri, memarlıq xüsusiyyətləri və tarixi-etnoqrafik məlumatları da nəzərə alınacaq.
Vurğulanıb ki, layihənin əsas xüsusiyyətlərindən biri məktəblilərin bu proses vasitəsilə həm memarlıq ənənələrimizi və tariximizi öyrənməsi, həm də öz yaradıcılıq bacarıqlarını nümayiş etdirməsidir.
Konfransda layihə-müsabiqənin təqdimatını edən Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, Milli Məclisin deputatı Məlahət İbrahimqızı bildirib ki, layihə 2026-cı ilin ölkəmizdə “Şəhərsalma və Memarlıq İli” elan olunması ilə əlaqədar hazırlanıb.
Onun sözlərinə görə, layihənin əsas məqsədi məktəblilər və gənclər arasında Qərbi Azərbaycan ərazisində mövcud olmuş zəngin tarixi-mədəni və memarlıq irsi haqqında biliklərin artırılması, tarixi yaddaşın qorunması və bu irsin gələcək nəsillərə çatdırılmasına töhfə verməkdir.
Məlahət İbrahimqızı qeyd edib ki, Qərbi Azərbaycanda Azərbaycan xalqının zəngin tarixi-mədəni irsi və maddi abidələri qalıb və bu irs illərdir erməni vandalizminə məruz qalır. O bildirib ki, bu, təkcə Azərbaycan xalqının mədəni irsinə qarşı deyil, bütövlükdə dünya mədəni irsinə qarşı törədilmiş cinayətdir.
Deputat vurğulayıb ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması və beynəlxalq şəhərsalma forumlarının keçirilməsi fonunda Qərbi Azərbaycan İcmasının Qadınlar Şurası da bu istiqamətdə öz töhfəsini verməyi qarşısına məqsəd qoyub. O qeyd edib ki, “Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihəsi çərçivəsində məktəblilər tərəfindən Qərbi Azərbaycana aid tarixi abidələrin müxtəlif maketləri hazırlanacaq və bu işlər müsabiqə formatında təqdim olunacaq.
Məlahət İbrahimqızı Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışı zamanı səsləndirdiyi fikirləri xatırladaraq bildirib ki, dövlət başçısı gənc nəslin tarixi torpaqlarımız və milli-mədəni irsimiz barədə maarifləndirilməsinin vacibliyini xüsusi vurğulayıb. Onun sözlərinə görə, layihənin əsas məqsədlərindən biri də gənclərdə tarixi yaddaşın möhkəmləndirilməsi və milli irsə bağlılığın artırılmasıdır.
Layihə rəhbəri dəstəyə görə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinə təşəkkürünü bildirib və istedadlı məktəblilərin müsabiqədə fəal iştirak edəcəyinə inandığını deyib.
Qeyd olunub ki, layihənin yekununda Qərbi Azərbaycanın xəritəsi üzərində bölgələr üzrə həmin ərazilərə məxsus tarixi abidələri əks etdirən xüsusi maket kompozisiyası hazırlanacaq. Xəritədə Qərbi Azərbaycanın hər bölgəsinə aid özünəməxsus memarlıq və mədəni irs nümunələri nümayiş etdiriləcək.
“Şəhərsalma və Memarlıq İli” və Qərbi Azərbaycan irsinə həsr olunmuş paneldə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədr müavini Hikmət Babaoğlu və Milli Məclisin deputatı, Gənclər və İdman Komitəsinin, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının sədri Şahin İsmayılov çıxış edərək tarixi-mədəni irsin qorunmasının vacibliyindən, gənclərin bu prosesdə fəal iştirakının əhəmiyyətindən danışıblar.
Çıxış edənlər sırasında Milli Məclisin deputatları, Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının üzvləri Tənzilə Rüstəmxanlı, Günay Ağamalı, tarix üzrə fəlsəfə doktoru, Dövlət Mükafatı laureatı Nazim Mustafa, AMEA Tarix və Etnologiya İnstitutunun direktoru Cəbi Bəhramov, eləcə də Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, İrəvan qazısı Bəxtiyar Nəcəfov da yer alıblar. Çıxışlarda Qərbi Azərbaycanın tarixi irsinin qorunması, beynəlxalq ictimaiyyətə çatdırılması, milli yaddaşın yaşadılması və gənc nəslin bu istiqamətdə maarifləndirilməsinin əhəmiyyəti xüsusi vurğulanıb.
Qeyd edək ki layihə çərçivəsində Azərbaycan Respublikasının 13 bölgəsini əhatə edən ümumtəhsil məktəblərinin istedadlı şagirdləri arasında müsabiqə keçiriləcək. Birinci mərhələdə bölgələrdə fəaliyyət göstərən Qərbi Azərbaycan İcmasının nümayəndəlikləri də prosesə cəlb olunacaq.
Müsabiqə iki mərhələdən ibarət olacaq. Hər iki mərhələdə təqdim olunan işlər tanınmış ekspertlərdən ibarət münsiflər heyəti tərəfindən qiymətləndiriləcək. Birinci turun nəticələrinə əsasən seçilən ən uğurlu işlər final mərhələsinə vəsiqə qazanacaq.
Layihənin final mərhələsinin 2026-cı ilin dekabr ayında keçirilməsi nəzərdə tutulur. Finalda qalib işlərin təqdimatı və mükafatlandırılması mərasimi təşkil olunacaq. Tədbirdə ictimaiyyət nümayəndələrinin, təhsil ictimaiyyətinin və media təmsilçilərinin iştirakı planlaşdırılır.
Layihə həm də Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının məqsədlərinə uyğun olaraq, azərbaycanlıların əsrlər boyu yaşayıb yaratdıqları ərazilərdəki tarixi və memarlıq abidələrinin öyrənilməsi, qorunması və beynəlxalq ictimaiyyətə tanıdılmasına xidmət edir. Layihənin gedişi və nəticələri barədə kütləvi informasiya vasitələrinə mütəmadi məlumat veriləcək.







