Son dəqiqə

Qərbi Azərbaycan İcması

Qərbi Azərbaycan İcmasının bəyanatı

BAKI,TurkicWorld

Ermənistanda Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə xarici diplomatların son səfəri ətrafında əsassız hay-küy kampaniyası səngimək bilmir. İki ölkə arasında sülh və normallaşma prosesini zədələyən bu cür reaksiya erməni cəmiyyətinin bədnam “miatsum” siyasətindən tam şəkildə imtina etmək, Azərbaycanın suverenliyini qəbul etmək və dinc qonşuluq şəraitində yaşamaq məsələsində hələ də ciddi tərəddüdlərinin olduğunu göstərir. Ermənistan hakimiyyətinin irəli sürdüyü “Real Ermənistan” konsepsiyası, faktiki olaraq, ciddi böhran keçirir.

Son günlər bir daha erməni cəmiyyətində saxta tarix, saxta qədimlik, milli müstəsnalıq üzərində qurulan yanaşmaların yenidən önə çıxmasını müşahidə edirik. Böyük tarixə, zəngin mədəni irsə malik Azərbaycan xalqının tarixinin, mədəniyyətinin inkar edilməsi kökündən yanlış və təhlükəli siyasətdir. Sentyabrın 15-də bir sıra xarici ölkələrdən olan din xadimlərini qəbul edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vurğuladığı kimi, Azərbaycan xalqı dünya mədəniyyətinə Nizami Gəncəvi, Xaqani Şirvani, Nəsimi, Seyid Yəhya Bakuvi, Şah İsmayıl Xətai, Füzuli kimi dahi şəxsiyyətlər və mütəfəkkirlər bəxş etmişdir.

Məhz bu kimi zəhərli ideologiya, yanaşmalar Ermənistanı, xüsusilə son 30 il ərzində, “miatsum” siyasətinə sürükləmiş, qərbi azərbaycanlıların Ermənistandan deportasiyasına, Azərbaycan ərazilərinin işğalına, məqsədli şəkildə mədəni irsin, o cümlədən məscidlərin dağıdılmasına zəmin yaratmışdır. Bu siyasətin Ermənistan dövləti və erməni xalqı üçün hansı nəticələrə gətirib çıxarması hər kəsə aydındır.

Qərbi Azərbaycan İcması erməni cəmiyyətini keçmişin səhvlərini təkrarlamamağa, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdlərinə son qoymağa, ölkəmizin suverenliyini və ərazi bütövlüyünü tam şəkildə qəbul etməyə, habelə mütəmadi olaraq Azərbaycanda haqlı narazılıq yaradan təxribatçı əməllərdən çəkinməyə çağırır.

Mövzuya görə xəbərlər