BAKI,TurkicWorld
Göygöl rayonunda “Qərbi Azərbaycan irsi – tarixi köklərə qayıdış” adlı festival təşkil olunub.
TurkicWorld xəbər verir ki, tədbir 22 iyun 2026-cı il tarixində Yeni Zod kəndində yerləşən “Xan Yurdu” etnoqəsəbəsində Qərbi Azərbaycan İcması və Göygöl Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə baş tutub.
Festivalda Qərbi Azərbaycan İcmasının rəhbərliyi, Milli Məclisin deputatları, ziyalılar, mədəniyyət xadimləri, şəhid ailələri, qazilər, gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Tədbir iştirakçıları əvvəlcə Göygöl Rayon İcra Hakimiyyətinin binası qarşısında Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Daha sonra festival ərazisində Qərbi Azərbaycanın tarixi, mədəniyyəti və etnoqrafiyasını əks etdirən sərgi guşələri ilə tanışlıq olub. Sərgilərdə fotoşəkillər, kitablar, rəsm əsərləri, əl işləri və digər eksponatlar nümayiş etdirilib. “İrəvan” İdman Klubunun çıxışları da maraqla izlənilib.
Festivalın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb, Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Göygöl Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov çıxış edərək Qərbi Azərbaycanın tarixi yaddaş və milli kimlik üçün mühüm əhəmiyyət daşıdığını bildirib. O qeyd edib ki, bu istiqamətdə dövlət siyasəti Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və “Qərbi Azərbaycana Qayıdış” konsepsiyası tarixi ədalətin bərpasına xidmət edir.
Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərli isə icmanın fəaliyyəti, beynəlxalq müraciətlər və görülən işlər barədə məlumat verib. O, deportasiya olunmuş soydaşların öz yurdlarına qayıdışının əsas məqsəd olduğunu vurğulayıb.
Çıxışlarda Qərbi Azərbaycan irsinin qorunması, milli yaddaşın yaşadılması və tarixi torpaqlara qayıdış ideyasının əhəmiyyəti xüsusi qeyd olunub.
Tədbir çərçivəsində videoçarx nümayiş etdirilib, yeni üzvlərə vəsiqələr təqdim olunub, icmaya xatirə hədiyyəsi verilib.
Festivalın bədii hissəsində “Yurdun səsi” konsert proqramı təqdim olunub. Aşıq musiqisi, xalq rəqsləri və milli sənət nümunələri iştirakçılar tərəfindən maraqla qarşılanıb.







