BAKI,TurkicWorld
16 aprel 2026-cı il tarixdə Qərbi Azərbaycan İcmasında Türk Strateji Düşünmə Mərkəzinin nümayəndə heyəti ilə görüş keçirilib.
TurkicWorld xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasından məlumat verilib.
Qonaqları Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli qəbul edib.
Görüşdə çıxış edən Əziz Ələkbərli qonaqları salamlayaraq Qərbi Azərbaycan həqiqətlərinin beynəlxalq ictimaiyyətə çatdırılmasının əhəmiyyətini vurğulayıb, İcmanın bu istiqamətdə həyata keçirdiyi ardıcıl fəaliyyət barədə məlumat verib. O, həmçinin Qayıdış Konsepsiyasının əsas məqsədlərindən danışaraq, tarixi torpaqlardan didərgin düşmüş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri dönüşünün təmin edilməsinin vacibliyini qeyd edib.
Sədr bildirib ki, Türk Strateji Düşünmə Mərkəzi ilə bundan sonra sıx əməkdaşlıq qurulacaq, birgə layihələrin həyata keçirilməsi, informasiya mübadiləsinin genişləndirilməsi və Türk dünyasının ortaq dəyərlərinin təbliği istiqamətində fəaliyyət davam etdiriləcək.
Daha sonra çıxış edən Türk Strateji Düşünmə Mərkəzinin sədri Onur Beyhan görüşə görə təşəkkürünü bildirərək rəhbərlik etdiyi qurumun Türk dünyasında strateji əməkdaşlığın gücləndirilməsi istiqamətində gördüyü işlərdən bəhs edib. O, Qərbi Azərbaycan həqiqətlərinin daha geniş platformalarda tanıdılması üçün birgə təşəbbüslərin vacibliyini vurğulayıb.
TÜMER-in xarici əlaqələr üzrə əlaqələndiricisi Oktay Hacımusalı isə çıxışında beynəlxalq əlaqələrin genişləndirilməsinin əhəmiyyətinə toxunaraq, bu kimi görüşlərin qarşılıqlı əməkdaşlığın inkişafına mühüm töhfə verdiyini qeyd edib. O, informasiya mübadiləsinin gücləndirilməsi və ortaq layihələrin icrası baxımından gələcək perspektivlərin geniş olduğunu diqqətə çatdırıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb və gələcək əməkdaşlıq imkanları müzakirə olunub.







