Son dəqiqə

Qərbi Azərbaycan İcması

Bakıda Qərbi Azərbaycanın tarixi və milli dəyərlərini əks etdirən sərgi açılıb

BAKI. TurkicWorld:

14 aprel 2026-cı il tarixində Azərbaycan Rəssamlar İttifaqında Qərbi Azərbaycan İcması və Azərbaycan Dövlət İqtisad Universitetinin birgə təşkilatçılığı ilə rəssam Əli İsmayıl Əliyevin “Qərbi Azərbaycan” adlı rəsm sərgisi keçirilib.

TurkicWorld Qərbi Azərbaycan İcmasına istinadla xəbər verir ki, ittifaqın Vəcihə Səmədova adına sərgi salonunda baş tutan ekspozisiyada Qərbi Azərbaycanın tarixi həqiqətləri, milli-mənəvi dəyərləri rənglərin dili ilə əks olunub. Sərgidə müəllifin müxtəlif dövrləri əhatə edən əsərləri nümayiş etdirilib.

Sərgidə Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvləri, ziyalılar, millət vəkilləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Ağəli İbrahimov açaraq, sərginin əhəmiyyətindən və rəssamın əsərlərinin məzmun baxımından aktuallığından danışıb.

Ardınca söz Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, millət vəkili Əziz Ələkbərliyə verilib. O bildirib ki, bu cür sərgilər Qərbi Azərbaycanın tarixi yaddaşının qorunması və gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıyır. Millət vəkili qeyd edib ki, rəssamın əsərlərində əks olunan motivlər xalqın yaddaşını, itirilmiş yurd yerlərinə bağlılığı və milli kimliyi bədii formada yaşadır.

Daha sonra çıxış edən Xalq rəssamı Fərhad Xəlilov, millət vəkili, rəssam Ülviyyə Həmzəyeva, eləcə də Bakı İncəsənət Mərkəzinin direktoru, rəssam və sənətşünas Rəfael Gülməmmədli müəllifin əsərlərini yüksək qiymətləndirərək Qərbi Azərbaycanın milli-mənəvi zənginliyinin bu cür layihələrlə yaşadıldığını vurğulayıblar.

Sonda çıxış edən rəssam Əli İsmayıl Əliyev qonaqlara təşəkkürünü bildirərək gələcəkdə daha böyük həvəslə yaradıcılığını davam etdirəcəyini qeyd edib.

Qeyd edək ki, Əli İsmayıl Əliyev 1960-cı ildə Qərbi Azərbaycanın Basarkeçər rayonunda anadan olub. O, 1977–1983-cü illərdə Əzim Əzimzadə adına Rəssamlıq məktəbində, 1983–1989-cu illərdə isə Azərbaycan Dövlət İncəsənət Universitetinin Rəssamlıq fakültəsində təhsil alıb. 1989-cu ildən etibarən müstəqil yaradıcılıqla məşğul olan rəssam uzun illər “Azərbaycanfilm” kinostudiyasında animasiya filmləri üzrə quruluşçu rəssam kimi fəaliyyət göstərib. Hazırda isə Azərbaycan Dövlət İqtisad Universitetinin Dizayn kafedrasında baş müəllim kimi çalışır.

Onun yaradıcılığı əsasən natürmort və mənzərə janrlarını əhatə edir, eyni zamanda fiqürativ janrda iriölçülü kompozisiyalarla da diqqət çəkir. Bu əsərlər milli-məişət üslubunda, etnoqrafik çalarlarla zəngin, real və özünəməxsus bədii həlli ilə seçilir. Rəssam qrafika, illüstrasiya, kitab və jurnal tərtibatı, eləcə də monumental dizayn sahələrində də fəaliyyət göstərir. Əsərləri müxtəlif xarici ölkələrdə, dövlət qurumlarında və şəxsi kolleksiyalarda saxlanılır.

Mövzuya görə xəbərlər