BAKI,TurkicWorld
Türkiyə, Gürcüstan və İraqdan olan Azərbaycan əsilli, eləcə də Azərbaycanda fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti sentyabrın 8-də Şuşaya səfər edib.
TurkicWorld xəbər verir ki, səfər Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə həyata keçirilən “Zəfər yolu: Qələbənin izi ilə” layihəsi çərçivəsində baş tutub.
Nümayəndə heyəti səfər zamanı Şuşa qalasını, “Yuxarı Gövhər Ağa” və “Aşağı Gövhər Ağa” məscidlərini, Cıdır düzünü və şəhərin mərkəzi meydanında işğal dövründə güllələnmiş görkəmli Azərbaycan şəxsiyyətlərinin büstlərini ziyarət edib.
Din xadimləri həmçinin Vaqif muzey-məqbərə kompleksi ilə tanış olublar.
Qonaqlara işğaldan azad edilmiş ərazilərdə mədəni irsin qorunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Səfər iştirakçılarına həmçinin Heydər Əliyev Fondunun tarix, mədəniyyət və dini abidələrin bərpası sahəsində həyata keçirdiyi layihələr haqqında məlumat təqdim olunub.
Bildirilib ki, Şuşada “Yuxarı Gövhər Ağa”, “Aşağı Gövhər Ağa”, “Saatlı”, “Mamayı”, “Çöl Qala” və “Daşaltı” məscidləri ilkin tarixi-memarlıq üslubuna uyğun şəkildə bərpa olunub.
Qarabağ və Şərqi Zəngəzurda aparılan quruculuq işləri çərçivəsində Zəngilan şəhərində, Xocavənd rayonunun Hadrut qəsəbəsində və Ağdərə rayonunun Suqovuşan kəndində yeni məscidlər də inşa edilərək istifadəyə verilib.
Şuşadakı “Qazançı” kilsəsində isə ilkin orijinal görkəminə uyğun rekonstruksiya işlərinin aparıldığı bildirilib.
Din xadimləri səfər çərçivəsində aparılan quruculuq və bərpa işlərini əyani şəkildə müşahidə etmək üçün yaradılan şəraitə görə minnətdarlıqlarını bildiriblər.







