BAKI,TurkicWorld, Orxan Qədirzadə
Qətər Xarici İşlər Nazirliyi regiondakı gərginlik, İslamabad danışıqları və enerji təhlükəsizliyi ilə bağlı geniş və strateji bəyanatla çıxış edib.
TurkicWorld xəbər verir ki, nazirliyin rəsmi sözçüsü Hörmüz boğazının bağlanmasının qlobal nəticələrə səbəb ola biləcəyini vurğulayaraq bunun artıq regional deyil, beynəlxalq böhran xarakteri daşıdığını bildirib.
Qətər rəsmisinin açıqlamasına görə, Doha İslamabadda aparılan danışıqlarla bağlı bütün tərəflərlə, o cümlədən ABŞ ilə daimi təmasdadır və sülh yolu ilə həll üçün Pakistanla əlaqələr fasiləsiz davam etdirilir.
Eyni zamanda bildirilib ki, Vaşinqton və Tehran arasında İslamabadda keçirilən atəşkəs danışıqları diqqətlə izlənilir və prosesin nəticələri regionun gələcək təhlükəsizlik arxitekturasına birbaşa təsir göstərə bilər.
Nazirlik xüsusilə Hörmüz boğazı ilə bağlı risklərə diqqət çəkərək qeyd edib ki, bu strateji su yolunun bağlanması beynəlxalq tədarük zəncirlərinə və enerji bazarlarına ciddi zərbə vuracaq. Bu səbəbdən Doha naviqasiya təhlükəsizliyinin təmin edilməsi üçün beynəlxalq tərəfdaşlarla fəal əlaqələr saxlayır.
Bununla yanaşı, atəşkəs müddətinin başa çatması ilə bağlı konkret vaxtın danışıqların tərəfləri tərəfindən açıqlana biləcəyi bildirilib.
Qətər həmçinin Livanda gərginliyin azaldılmasına yönəlmiş səyləri dəstəklədiyini bəyan edərək regionda sabitliyin bərpasının vacibliyini önə çəkib.
Analitiklərə görə, bu açıqlamalar Qətərin regionda vasitəçi rolunu gücləndirdiyini və eyni zamanda qlobal enerji təhlükəsizliyi ilə bağlı artan narahatlıqları açıq şəkildə ifadə etdiyini göstərir.







