BAKI, TurkicWorld, Orxan Qədirzadə
İranın Pakistandakı səfiri Rza Amiri Moqadam bildirib ki, Tehranın 10 maddəlik sülh planı əsasında danışıqlar aparmaq üçün yüksək səviyyəli nümayəndə heyəti bu gecə İslamabada yola düşəcək.
TurkicWorld xəbər verir ki, Səfir Moqadam "X" hesabında etdiyi paylaşımda İran tərəfinin diplomatik təşəbbüslərə sadiqliyini vurğulayıb. O qeyd edib ki, İran rəhbərliyi İsrail hökumətinin diplomatik prosesi "sabotaj etmək" cəhdləri ilə bağlı ciddi şübhələrə malik olsa da, sülh naminə bu addımı atmağa qərar verib.
İranın 10 maddəlik təkliflər paketi bölgədə hərbi gərginliyin tamamilə dayandırılması və Hörmüz boğazının təhlükəsiz fəaliyyətinin təmin edilməsi kimi strateji məsələləri əhatə edir. Pakistanın ev sahibliyi etdiyi bu görüşlərin atəşkəs müddəti ərzində yekun razılaşma ilə nəticələnəcəyi gözlənilir.







