BAKI, TurkicWorld, Orxan Qədirzadə
İranın Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" aviabazasına təşkil etdiyi hərbi hücum nəticəsində 15 ABŞ hərbçisi yaralanıb.
TurkicWorld xəbər verir ki, onlardan 5 nəfərin vəziyyəti ağırdır. ABŞ rəsmilərinin verdiyi məlumata əsasən, cümə günü baş tutan hücum zamanı İran tərəfi bazaya 6 ballistik raket və 29 pilotsuz uçuş aparatı (PUA) atıb. Raket zərbələri nəticəsində hərbçilərin olduğu bina ilə yanaşı, bazadakı bir neçə yanacaqdoldurma təyyarəsinə də ciddi ziyan dəyib.
İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hücumla bağlı bəyanat yayaraq, "Şahzadə Sultan" aviabazası ilə yanaşı, digər regional bazaların da hədəf alındığını bildirib. Hücumda maye yanacaqla işləyən "Qiyam" və bərk yanacaqlı "Zülfüqar" tipli raketlərdən, həmçinin PUA-lardan istifadə edildiyi qeyd olunub. Xatırladaq ki, bu, cari ay ərzində sözügedən bazaya edilən ikinci böyük hücumdur. Fevralın 28-dən bəri davam edən hərbi gərginlik fonunda regionda 13 ABŞ hərbçisi həlak olub, 300-dən çoxu isə yaralanıb. Hazırda ABŞ Müdafiə Nazirliyi (Pentaqon) və Mərkəzi Komandanlıq hadisə ilə bağlı rəsmi şərhlərdən yayınır.







