Son dəqiqə

Böyük Britaniya ABŞ Donald Tramp Kir Starmer Truth Social

Tramp Starmeri sosial mediada lağa qoyub: "Bu, Uinston Çörçill deyil"

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp Böyük Britaniyanın Baş naziri Kir Starmeri lağa qoyan komediya çarxını paylaşaraq Londonun İranla müharibədəki mövqeyini kəskin tənqid edib. Hadisə iki liderin Hörmüz boğazındakı blokadanı müzakirə etdiyi telefon danışığı ilə eyni vaxta təsadüf edib.

TurkicWorld xəbər verir ki, Tramp "Truth Social" platformasında Britaniyanın "Saturday Night Live" (SNL) şousundan bir parçanı şərhsiz paylaşıb. Videoda Baş nazir Starmerin Trampın zənglərindən qorxduğu və Hörmüz boğazına hərbi gəmi göndərə bilməyəcəyini deməkdən çəkindiyi satirik şəkildə əks olunub.

Münaqişənin əsas səbəbi fevralın 28-dən bəri İran tərəfindən bağlanan və qlobal neft daşımalarının 20 faizinin keçdiyi Hörmüz boğazıdır. Prezident Tramp NATO müttəfiqlərini, xüsusilə Britaniyanı "qorxaqlıq"da ittiham edərək, Londonun ABŞ-ın hərbi səylərinə kifayət qədər dəstək vermədiyini bildirib. O, neft qiymətlərinin kəskin artmasına görə birbaşa müttəfiqlərinin qətiyyətsizliyini günahlandırıb.

Donald Tramp Kir Starmeri hərbi məsələlərdə zəiflikdə ittiham edərək, onu əfsanəvi baş nazir Uinston Çörçillə müqayisə edib və "qarşımızdakı Çörçill deyil" ifadəsini işlədib. Tramp xüsusilə Britaniyanın ilkin mərhələdə öz hərbi bazalarından İranı vurmaq üçün istifadəyə icazə verməməsini "böyük səhv" adlandırıb.

Lakin son məlumatlara görə, rəsmi London mövqeyini dəyişərək ABŞ-a "Fairford" və "Dieqo Qarsiya" bazalarından istifadə icazəsi verib. Bazar günü baş tutan telefon danışığında tərəflər qlobal enerji bazarında sabitliyi təmin etmək üçün Hörmüz boğazının açılmasının zəruriliyi barədə razılığa gəliblər. Starmer isə bəyan edib ki, onun prioritetləri Britaniyanın maraqlarını qorumaq və gərginliyi azaltmaqdır.

Mövzuya görə xəbərlər