Son dəqiqə

İsrail İran ABŞ Donald Tramp

İrandakı hərbi əməliyyat planlaşdırılan qrafiki qabaqlayır - Tramp

BAKI, TurkicWorld, Orxan Qədirzadə

ABŞ Prezidenti Donald Tramp İranla davam edən hərbi münaqişənin gedişatı barədə mühüm açıqlamalar verib.

TurkicWorld xəbər verir ki,Ağ Ev rəhbəri əməliyyatların uğurla davam etdiyini, İran rəhbərliyinin iflic vəziyyətinə düşdüyünü və yaxın vaxtlarda neft qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib.

Prezident Trampın bəyanatında bir neçə strateji və hərbi məqam xüsusi yer alıb:

Nüvə təhlükəsi və regional hücumlar

Trampın sözlərinə görə, ABŞ-ın hərbi müdaxiləsi Tehranın nüvə silahı əldə etməsinin qarşısını son anda alıb. "İranda çox yaxşı işlər görürük. Onlar nüvə silahına sahib olmağa cəmi iki həftə qalmışdı," – deyən prezident əlavə edib ki, İran hazırda ballistik raketlərlə qonşu dövlətləri, hətta özünə dost olan ölkələri də hədəf almağa davam edir.

Süleymani faktoru və rəhbərliyin məhvi

Prezident birinci administrasiyası dövründə atılan addımların əhəmiyyətini vurğulayaraq bildirib ki, əgər Qasım Süleymani vaxtında zərərsizləşdirilməsəydi, bu gün qarşıdurmanın miqyası daha fəlakətli olardı. O, hazırda İranın komanda zəncirinin darmadağın edildiyini iddia edib: "İranın rəhbər heyəti məhv edilib. Bizim əsas problemimiz odur ki, hazırda İranda kiminlə muhatab olduğumuzu və danışıqlar aparacağımızı bilmirik."

Əməliyyatın müddəti və iqtisadi təsirləri

Hərbi əməliyyatların gedişatından məmnunluğunu ifadə edən Tramp, prosesin nəzərdə tutulan cədvəldən öndə getdiyini və daha bir neçə həftə davam edəcəyini vurğulayıb. O, həmçinin dünya bazarları üçün mühüm bir proqnozla çıxış edib: "İrandakı əməliyyat başa çatdıqdan sonra dünya bazarında neftin qiyməti kəskin şəkildə aşağı düşəcək."

Qeyd edək ki, bu açıqlamalar ABŞ-ın bölgədəki hərbi aktivliyini artırdığı və İranın strateji obyektlərinə zərbələrin intensivləşdiyi bir dövrə təsadüf edir.

Mövzuya görə xəbərlər