BAKI,TurkicWorld
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin ABŞ-də səfərdə olan əməkdaşları Bostonda bir qrup azərbaycanlı tələbə və gənclərlə görüşüb. Görüş Harvard Universitetində yeni fəaliyyətə başlayan Azərbaycanlı Tələbə Cəmiyyətinin (“Harvard Undergraduate Azerbaijani Society-HUAS”) təşkilatçılığı ilə eyniadlı universitetdə baş tutub. Tədbirdə ABŞ-nin aparıcı ali təhsil müəssisələri olan Massaçusets Texnologiya İnstitutu (Massachusetts Institute of Technology), Boston (Boston University), Şimal-Qərb (Northwestern University) və Saffolk (Suffolk University) universitetlərinin tələbələri də iştirak ediblər.
TurkicWorld xəbər verir ki,görüşdə gənclərə komitənin həyata keçirdiyi layihələr, xaricdə yaşayan soydaşlarımızla qurulan əlaqələr və diaspor fəaliyyətinin inkişaf perspektivləri barədə məlumat verilib. Diaspor Gənclərinin Yay Düşərgələrinin, gənclər forumlarının, “Diaspor Gəncləri 1+1” proqramının gənclərin bir araya gəlməsini, fikir mübadiləsi aparmasını təmin edən mühüm bir platforma olduğu diqqətə çatdırılıb.
Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova bildirib ki, harada yaşamasından asılı olmayaraq hər bir soydaşımız üçün Azərbaycan müqəddəs torpaqdır. Azərbaycançılıq ideologiyası birləşdirici amal, dövlətimiz isə dayaq yeridir. Bu bağlar qırılmazdır və hər bir azərbaycanlı məskunlaşdığı ölkəyə nə qədər yaxşı inteqrasiya etsə də, öz milli kimliyini qorumalı və assimilyasiyaya olmamalıdır. O həmçinin gənclərə dərslərində uğurlar arzulayıb.
Tələbələr təhsil aldıqları universitetlərin ictimai və akademik fəaliyyətləri, diaspor mühitində qazandıqları təcrübələr və yeni təşəbbüslər barədə danışıblar. Qeyd olunub ki, ABŞ universitetlərində fəaliyyət göstərən Azərbaycanlı Tələbə Təşkilatları gənclər arasında əməkdaşlığı gücləndirir və ölkəmizin zəngin tarixi, mədəni və multikultural dəyərlərinin beynəlxalq aləmdə tanıdılmasına mühüm töhfə verir.
Harvard Universitetinin Azərbaycanlı Tələbə Təşkilatının rəhbəri Qəndab Məmmədova Massaçusets ştatında təhsil alan və məzun olan bütün gəncləri birgə fəaliyyətə dəvət edib.
Massaçusets Texnologiya İnstitutunun tələbələri burada 9 azərbaycanlının təhsil aldığını qeyd edərək, bu görüşün ABŞ-dəki soydaşlarımız arasında əlaqələrin genişlənməsi baxımından mühüm əhəmiyyət daşıdığını vurğulayıblar.
Boston Universitetində tibb üzrə rezidentura pilləsinin tələbəsi Firuzə və Nihad Hüseynovlar öz ixtisasları, tibbi sığorta məsələləri üzrə gənclərə tövsiyələr verməyə hazır olduqlarını bildiriblər. Universitetdə 15 azərbaycanlı tələbənin olduğu və burada Azərbaycanlı Tələbələr Təşkilatının yaradılmasının planlaşdırıldığı da diqqətə çatdırılıb.
Tədbir gənclərə təcrübə mübadiləsi aparmaq, gələcək layihələrdə əməkdaşlıq imkanlarını müzakirə etmək fürsəti yaradıb. Həmçinin gənclər diaspor fəaliyyətinin daha səmərəli təşkili və əlaqələrin gücləndirilməsi yolları barədə fikirlərini səsləndiriblər.







