BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Külliyəsində jurnalist və yazıçılarla keçirilən iftar proqramında İsrailin regiondakı hərbi fəaliyyətlərini və dezenformasiya ilə mübarizənin əhəmiyyətini qeyd edib.
TurkicWorld xəbər verir ki, dövlət başçısı İsrailin Qəzza, Livan və İrana qarşı genişlənən hücumlarını "barbarlıq və cinayət halı" adlandırıb.
Prezident Ərdoğan çıxışında xüsusi vurğulayıb ki, İsrailin addımları yalnız təhlükəsizlik məsələsi deyil, həm də müsəlmanların ilk qibləsi olan Məscid-i Əqsanı ibadətə bağlamaqla dini azadlıqlara qəsddir. O, bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında medianın rolunu xüsusi vurğulayıb: "İsrailin rəhbərlik etdiyi bir müharibə gedir. Əvvəl Qəzza, sonra Livan, ardınca isə İranı hədəf alan bu hücumların pərdəarxası mütləq ifşa edilməlidir".
Ərdoğan həmçinin müasir dövrün "bəlası" adlandırdığı dezenformasiya ilə mübarizəyə çağırıb. O, Qəzzadakı soyqırımı dünyaya duyurmağa çalışarkən həlak olan 275 jurnalisti yad edərək, Türkiyənin imicini hədəf alan "beşinci kolon" fəaliyyətlərinə qarşı mətbuatın inisiativ almalı olduğunu bildirib. "Həqiqət ayaqqabılarını geyinənə qədər, yalan dünyanı üç dəfə dolaşır. Biz bu həqiqət müharibəsində qalib gəlməliyik", - deyə Prezident əlavə edib.






