BAKI, TurkicWorld, Orxan Qədirzadə
Türkiyə Prezidenti Administrasiyasının Kommunikasiya idarəsinin rəhbəri Burhaneddin Duran İsrailin Qəzzadakı hərəkətlərindən sonra regionda qeyri-sabitliyi artıran addımlarını davam etdirdiyini bildirib.
TurkicWorld xəbər verir ki, Duran sosial media hesabında etdiyi paylaşımda Məscid-i Əqsada ibadətin məhdudlaşdırılması cəhdlərini və Livanın suverenliyinə qarşı başladılan hərbi əməliyyatları kəskin şəkildə pisləyib.
Bəyanatda qeyd olunur ki, Məscid-i Əqsada ibadətin qarşısının alınması təkcə müsəlmanlara deyil, bütün bəşəriyyətə qarşı hörmətsizlik və beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Eyni zamanda, İsrail ordusunun Livana qarşı başlatdığı quru əməliyyatının regiondakı gərginliyi daha da artırdığı, bu ölkənin ərazi bütövlüyünü birbaşa hədəf aldığı vurğulanıb.
Burhaneddin Duranın sözlərinə görə, İsrail hökumətinin bu addımları mövcud münaqişələrin şiddətini artırmaqla yanaşı, onsuz da kövrək olan regional balansları sarsıdır və yeni insani fəlakət riski yaradır. O bildirib ki, bölgədə sülh və sabitliyin bərqərar olması üçün beynəlxalq birlik hüquq tanımayan İsrailə qarşı qətiyyətli mövqe nümayiş etdirməli və dərhal məsuliyyət üzərinə götürməlidir.
Sonda vurğulanıb ki, Prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə Türkiyə müqəddəs məkanlara, Livanın suverenliyinə və regional sabitliyə yönəlmiş hər növ hücumun qarşısında durmağa davam edəcək.






