Son dəqiqə

Azərbaycan BMT Bakı BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO)

2026-cı il planının icrası üçün əlavə 1,18 milyon dollar tələb olunur - FAO

BAKI,TurkicWorld

2026-cı ili əhatə edən fəaliyyət planının icrası üçün 1,18 milyon ABŞ dolları əlavə vəsaitə ehtiyac var.

TurkicWorld xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı nümayəndəsi Muhammad Nasar Hayat BMT-nin Davamlı İnkişaf üzrə Əməkdaşlıq Çərçivəsinin Yüksək Səviyyəli Birgə Rəhbər Komitəsinin iclasında məlumat verib.

Onun sözlərinə görə, plan əsasən iqlimə davamlılıq və yaşıl inkişaf istiqamətlərini əhatə edir və FAO ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən birgə həyata keçirilir. Prosesə UNECE, UN Women, UNIDO, IOM, UN-Habitat, ITU və UNEP kimi BMT qurumları, həmçinin Azərbaycanın müxtəlif dövlət strukturları cəlb olunub.

Bildirilib ki, 2026-cı ilin yanvar-dekabr dövrünü əhatə edən plan üçün ümumilikdə 6,4 milyon dollar tələb olunur. Bunun 5,2 milyon dolları artıq təmin edilib ki, bu da ümumi ehtiyacın təxminən 83 faizini təşkil edir. Qalan 1,18 milyon dolların isə hələ cəlb olunması gözlənilir.

Maliyyələşmə əsasən beynəlxalq fondlar və donor təşkilatlar tərəfindən həyata keçirilir. Əsas mənbələr sırasında Adaptasiya Fondu, GEF, Yaşıl İqlim Fondu, Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyi, BMT-nin əsas fondları və Avropa İttifaqı yer alır.

Qeyd edilib ki, vəsaitlər üç əsas istiqamət üzrə bölüşdürülür. Bunlardan ən böyüyü iqlimə davamlılıq və dairəvi iqtisadiyyat sahəsində potensialın gücləndirilməsidir — bu istiqamət üzrə tələb olunan 4,6 milyon dolların 3,7 milyon dolları artıq mövcuddur. Bundan əlavə, icmaların iqlim fəaliyyəti üzrə biliklərinin artırılması üçün nəzərdə tutulan 195 min dollar tam şəkildə təmin olunub.

Mövzuya görə xəbərlər