Son dəqiqə

Azərbaycan Ombudsman Rufiz Hafizoğlu Bakı Slovakiya Brüssel

Slovakiya Bakı və Brüssel arasında mühüm körpü rolunu oynayır - Rufiz Hafizoğlu

BAKI,TurkicWorld

Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodski hazırda ölkəmizdə səfərdədir. O, rəhbərlik etdiyi nümayəndə heyəti ilə birlikdə Bakı şəhərində yerləşən Müvəqqəti Yerləşdirmə Mərkəzinə səfər edib.

TurkicWorld xəbər verir ki, bu sözləri siyasi şərhçi Rufiz Hafizoğlu QHT.az-a açıqlamasında bildirib.

Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin Azərbaycana səfəri və Bakıda Müvəqqəti Yerləşdirmə Mərkəzinə baş çəkməsi iki ölkə arasında münasibətlərin yalnız siyasi və iqtisadi çərçivə ilə məhdudlaşmadığını, artıq daha geniş – humanitar və institusional mərhələyə keçdiyini göstərir. Bu səfər Azərbaycan–Slovakiya münasibətlərinin yeni keyfiyyət mərhələsinə daxil olduğunu təsdiqləyir.

R.Hafizoğlu sözlərinə görə, Azərbaycan xarici siyasətində çoxvektorlu yanaşma bu münasibətlərin inkişafında əsas rol oynayır. O qeyd edib ki, “Azərbaycan ilə Slovakiya arasında əlaqələr son illərdə geosiyasi reallıqların təsiri altında formalaşaraq praqmatik və çoxşaxəli tərəfdaşlıq modelinə çevrilməkdədir".

Siyasi şərhçi vurğulayıb ki, bu model yalnız diplomatik əməkdaşlıqla məhdudlaşmır, həm də hər iki ölkənin strateji maraqlarına xidmət edən geniş platforma formalaşdırır.

Onun sözlərinə görə, tərəflər arasında siyasi dialoq sabitlik və qarşılıqlı hörmət prinsiplərinə əsaslanır və Slovakiya Avropa İttifaqı çərçivəsində Azərbaycanla balanslı münasibət saxlayan dövlətlərdən biridir. Eyni zamanda, bu ölkənin Bakı–Brüssel əlaqələrində körpü rolunu oynadığı qeyd edilir.

İqtisadi əməkdaşlıq barədə danışan R.Hafizoğlu bildirib ki, enerji sektoru bu münasibətlərdə əsas prioritet olaraq qalır. Xüsusilə Azərbaycanın Avropanın enerji təhlükəsizliyində artan rolu Slovakiya üçün strateji əhəmiyyət daşıyır və Cənub Qaz Dəhlizi bu baxımdan əsas layihələrdən biridir.

O əlavə edib ki, ticarət və investisiya sahəsində əməkdaşlıq hələ tam potensialını reallaşdırmasa da, sənaye texnologiyaları, kənd təsərrüfatı və logistika sahələrində ciddi imkanlar mövcuddur.

Siyasi şərhçi Ombudsman səviyyəsində baş tutan səfərin əhəmiyyətini ayrıca vurğulayıb. Onun sözlərinə görə, “Slovakiya Respublikasının Ombudsmanı Robert Dobrovodskinin rəhbərlik etdiyi nümayəndə heyətinin Müvəqqəti Yerləşdirmə Mərkəzinə səfəri bu baxımdan simvolik və praktiki əhəmiyyət daşıyır".

Rufiz Hafizoğlu bildirib ki, bu cür səfərlər insan hüquqları, məcburi köçkünlərin müdafiəsi və sosial təminat sahəsində təcrübə mübadiləsi üçün mühüm platforma yaradır, həmçinin ombudsman institutları arasında əməkdaşlığın güclənməsinə xidmət edir.

Onun fikrincə, Azərbaycan və Slovakiya arasında əməkdaşlıq təkcə ikitərəfli deyil, həm də ATƏT və Avropa Şurası kimi beynəlxalq platformalarda genişlənir və regional sabitlik baxımından əhəmiyyət daşıyır.

Sonda R.Hafizoğlu qeyd edib ki, bu səfər iki ölkə arasında münasibətlərin humanitar və institusional müstəviyə keçidini daha da gücləndirir və gələcəkdə daha geniş iqtisadi və siyasi layihələr üçün zəmin yaradır.

Mövzuya görə xəbərlər