Son dəqiqə

Quba Bakı

Bakıda Quba iş adamlarının görüşü keçirilib

BAKI,TurkicWorld

Quba İş Adamlarına Dəstək (QİAD) Platformasının təşkilatçılığı ilə paytaxt Bakıda ziyalılar və sahibkarların iştirakı ilə iftar mərasimi təşkil olunub.

TurkicWorld xəbər verir ki, tədbirdə QİAD İdarə Heyətinin sədri Cabbar Heybətov, platformanın üzvləri və 100-ə yaxın dəvətli qonaq iştirak edərək regionun iqtisadi gələcəyini müzakirə ediblər.

Görüş zamanı geniş nitqlə çıxış edən Cabbar Heybətov Quba sahibkarlarının ölkə iqtisadiyyatındakı rolunu yüksək qiymətləndirib.

"QİAD-ın əsas hədəfi Quba iş adamlarını vahid bir platformada birləşdirərək regionun iqtisadi potensialını daha da gücləndirməkdir. Biz inanırıq ki, sahibkarlar arasında qurulan bu cür sıx əməkdaşlıq yeni iş yerlərinin açılmasına və sosial layihələrin icrasına birbaşa töhfə verəcək. Qarşılıqlı dəstək və həmrəylik ruhu sayəsində qarşımıza qoyduğumuz hər bir strateji məqsədə daha inamla çatmağımız mümkündür."-deyə C.Heybətov bildirib.

Səmimi mühitdə keçən görüşdə Quba bölgəsinin inkişafı, sahibkarlar arasında yeni işgüzar əlaqələrin qurulması və gələcək investisiya imkanları barədə ətraflı fikir mübadiləsi aparılıb. QİAD rəhbərliyi qeyd edib ki, bu cür silsilə görüşlər ziyalılarla iş dünyası arasında körpü rolunu oynayaraq intellektual sahibkarlığın inkişafına şərait yaradır.

Tədbir iştirakçıları tərəfindən bu cür təşəbbüslərin müntəzəm xarakter almasının vacibliyi vurğulanıb.

Mövzuya görə xəbərlər