BAKI, TurkicWorld, Orxan Qədirzadə
Yaxın Şərqdə genişlənən ABŞ-İsrail və İran müharibəsi qlobal təchizat zəncirlərini iflic edərək, Sudandakı humanitar böhranı pik həddə çatdırıb.
TurkicWorld xəbər verir ki, "Save the Children" beynəlxalq xeyriyyə təşkilatı Sudandakı klinikalarda tibbi ləvazimatların cəmi iki həftəlik qaldığını bəyan edib.
Təşkilatın qlobal təchizat zənciri təhlükəsizliyi üzrə direktoru Villem Zuydema Reuters agentliyinə bildirib ki, Hörmüz boğazının bağlanması və hava məkanındakı məhdudiyyətlər səbəbindən Dubay limanlarında 600 min dollar dəyərində həyati vacib dərman preparatı qalıb. Bu ləvazimatlar Sudanda təxminən 400 min xəstəyə xidmət edən 90-a yaxın dövlət klinikası üçün nəzərdə tutulub. Əgər marşrutlar dərhal dəyişdirilməsə, ölkədə antibiotiklər, malyariya əleyhinə preparatlar və uşaq peyvəndlərinin ehtiyatı tamamilə tükənəcək.
BMT-nin humanitar məsələlər üzrə rəhbəri Tom Fletçer və Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) da vəziyyətin kritik olduğunu təsdiqləyib. Bildirilir ki, gəmilərin Ümid burnu vasitəsilə dolanaraq hərəkət etməsi nəqliyyat xərclərini 25-30 faiz artırıb. Donor yardımlarının azaldığı bir dövrdə artan yanacaq və logistika xərcləri Sudandakı humanitar yardımların effektivliyini sual altına qoyur. "Save the Children" bu il üçün Sudan büdcəsini 4 milyon dollar azaldaraq 98 milyon dollara endirmək məcburiyyətində qalıb.







