Son dəqiqə

Finlandiya İran ABŞ Aleksandr Stubb

Finlandiya Prezidenti: "Tramp məsləhətləşmədiyi üçün müttəfiqlər köməyə gəlmir"

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Finlandiya Prezidenti Aleksandr Stubb Avropa müttəfiqlərinin Hörmüz boğazının blokadadan çıxarılması üçün Vaşinqtonun çağırışına cavab verməməsinin səbəbini açıqlayıb.

TurkicWorld xəbər verir ki, dövlət başçısı ABŞ-ın İrana zərbələr endirməzdən əvvəl tərəfdaşları ilə məsləhətləşməməsinin mövcud soyuqluğa səbəb olduğunu bildirib.

"Yle" telekanalına müsahibə verən Stubb qeyd edib ki, tərəfdaşlar əvvəlcədən məlumatlandırılmadıqda və xəbərdarlıq edilmədikdə, hadisələrə yanaşma fərqli olur. O, həmçinin Finlandiyanın Hörmüz bölgəsinə göndərmək üçün müvafiq hərbi texnikasının olmadığını vurğulayıb: "Bizim o regiona göndərə biləcəyimiz texnikamız yoxdur. Finlandiyanın alyansdakı əsas vəzifəsi Avropanın şimal-şərq hissəsinin təhlükəsizliyini təmin etməkdir". Finlandiya lideri hazırda ən mühüm vəzifənin Donald Trampı Avropa ilə əməkdaşlığı bərpa etməyə inandırmaq olduğunu deyib.

Xatırladaq ki, Böyük Britaniya və Almaniya artıq Hörmüz boğazı əməliyyatında hərbi iştirakdan imtina ediblər. Tramp isə müttəfiqlərini dünya neft ticarətinin 20%-nin keçdiyi boğazın təhlükəsizliyinə qoşulmayacaqları təqdirdə "olduqca qaranlıq gələcək"lə hədələyib. Bölgədə gərginlik iki həftə əvvəl ABŞ və İsrailin İranın ali lideri Əli Xameneinin ölümü ilə nəticələnən hücumlarından sonra pik həddə çatıb.

Mövzuya görə xəbərlər