Son dəqiqə

İran Hörmüz boğazında dəniz hərəkətini məhdudlaşdırdı Strateji boğazda gərginlik enerji bazarlarını silkələyə bilər Hörmüz boğazı ilə bağlı yeni qərar Qlobal neft təchizatı risk altındadır Regionda eskalasiya enerji qiymətlərinə təsir göstərə bilər Hörmüz boğazında təhlükəsizlik vəziyyəti dəyişdi

İran Hörmüz boğazında dəniz hərəkətini məhdudlaşdırdığını açıqlayıb

BAKI, TurkicWorld, Orxan Qədirzadə

İran İnqilab Keşikçiləri Korpusu ABŞ və İsrailin İrana yönəlmiş hücumları fonunda strateji əhəmiyyətə malik Hörmüz boğazında dəniz hərəkətinin məhdudlaşdırıldığını bəyan edib.

TurkicWorld xəbər verir ki, İran mediasında yayılan məlumatlara əsasən, təhlükəsizlik riskləri səbəbindən boğazdan keçən dəniz nəqliyyatına xəbərdarlıq olunub və bəzi neft marşrutlarına çıxışın məhdudlaşdırıldığı bildirilib. Bununla belə, keçidlərin tam bağlanması ilə bağlı rəsmi və beynəlxalq təsdiqlənmiş açıqlama hələlik təqdim olunmayıb.

Məlumatlara görə, regionda artan hərbi gərginlikdən sonra bəzi kommersiya gəmilərinin marşrutlarını dəyişərək geri dönüş etdiyi müşahidə olunub.

Hörmüz boğazının strateji əhəmiyyəti

Hörmüz boğazı Fars körfəzini Oman dənizi ilə birləşdirən və qlobal enerji ticarətində əsas keçid nöqtəsi hesab olunan strateji su yoludur. Körfəz ölkələrində hasil edilən xam neft və mayeləşdirilmiş təbii qazın mühüm hissəsi məhz bu marşrut vasitəsilə dünya bazarlarına daşınır.

Mütəxəssislərin qiymətləndirmələrinə görə, qlobal neft təchizatının təxminən beşdə biri gündəlik olaraq Hörmüz boğazından keçir. Bu səbəbdən boğazda mümkün məhdudiyyət və ya bağlanma enerji qiymətlərində artım və beynəlxalq maliyyə bazarlarında dalğalanma riski yarada bilər.

Analitiklər hesab edirlər ki, regionda hərbi eskalasiyanın davam etməsi enerji təhlükəsizliyi və qlobal iqtisadi sabitlik üçün əlavə təzyiq formalaşdıra bilər.