BAKI, TurkicWorld, Orxan Qədirzadə
Paris Hörmüz boğazında gəmilərin təhlükəsiz hərəkətini bərpa etmək üçün qlobal hərbi təşəbbüslə çıxış edir.
TurkicWorld xəbər verir ki, Fransa yaxın vaxtlarda boğazda naviqasiya azadlığını təmin etmək istəyən ölkələrin ordu komandanlarının iştirakı ilə mühüm konfrans keçirməyi planlaşdırır.
Fransa ordusunun bəyanatında iki mühüm strateji nüans vurğulanıb.
Bildirilir ki, keçiriləcək iclasın ABŞ-ın regiondakı hərbi yanaşması ilə qətiyyən heç bir əlaqəsi yoxdur. Paris bu təşəbbüsün hücum məqsədli olmadığını, tamamilə beynəlxalq sularda naviqasiya təhlükəsizliyini təmin etmək üçün "müdafiə xarakterli mövqe" çərçivəsində reallaşdığını qeyd edir.
Fransanın bu təşəbbüsü Avropa İttifaqı ölkələrinin Vaşinqton və Tehran arasındakı birbaşa hərbi qarşıdurmaya cəlb olunmadan, öz iqtisadi maraqlarını (enerji daşımalarını) qorumaq istəyindən xəbər verir. ABŞ-ın regiondakı koalisiyalarından fərqli olaraq, Fransanın rəhbərlik edəcəyi bu konfransda iştirak edəcək ölkələrin "naviqasiya azadlığı" prinsipləri ətrafında birləşməsi gözlənilir.
Bu xəbər İranın Hörmüz boğazındakı nəzarəti sərtləşdirməsi və regional müharibənin gəmiçilik xətlərinə vurduğu zərbələrdən sonra gələn ən ciddi hərbi-diplomatik reaksiya sayılır.







