BAKI, TurkicWorld, Orxan Qədirzadə
ABŞ Prezidenti Donald Tramp İranla bağlı münaqişənin uzun sürməyəcəyini bəyan edib.
TurkicWorld xəbər verir ki, Tramp verdiyi müsahibədə ABŞ qüvvələrinin bölgədə uzun müddət qalmaq niyyətində olmadığını bildirib. Onun sözlərinə görə, əsas məqsəd İranın nüvə silahına malik olmasının qarşısını almaqdır.
ABŞ lideri qeyd edib ki, bu məqsədə nail olunduqdan sonra bölgədən çıxış baş verəcək və bunun ardınca Hörmüz boğazı yenidən açılacaq. O, boğazın açılmasının qlobal enerji təchizatı üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb.
Tramp həmçinin bildirib ki, hərbi əməliyyatlar çərçivəsində İranın hərbi imkanlarına ciddi zərbə vurulub və qalan qüvvələrin zərərsizləşdirilməsi istiqamətində işlər davam etdirilir.
Bununla yanaşı, ABŞ prezidentinin bəyanatında bəzi ölkələrin əməliyyatlara qoşulmamasına tənqidi münasibət də ifadə olunub. O, beynəlxalq tərəfdaşları daha fəal mövqe sərgiləməyə çağırıb.







