Son dəqiqə

Fransa İsrail İran ABŞ Emmanuel Makron Yaxın Şərq Hörmüz boğazı ilə bağlı yeni qərar

Makron Hörmüz boğazının qorunması üçün missiya təşəbbüsü ilə çıxış edib

BAKI, TurkicWorld, Orxan Qədirzadə

Yaxın Şərqdə davam edən hərbi qarşıdurma fonunda Fransa prezidenti Emmanuel Makron Hörmüz boğazında gəmiçilik təhlükəsizliyini təmin etmək üçün yeni missiya yaradılması təşəbbüsü ilə çıxış edib.

TurkicWorld xəbər verir ki, Fransa prezidenti bu barədə Cənubi Kiprə səfəri zamanı açıqlama verib.

Görüş zamanı Makron bildirib ki, Fransa və onun müttəfiqləri Hörmüz boğazının blokadadan çıxarılması məqsədilə “tamamilə müdafiə xarakterli” beynəlxalq missiyanın yaradılması imkanlarını nəzərdən keçirir. Onun sözlərinə görə, bu missiya Yaxın Şərqdə münaqişənin ən gərgin mərhələsi başa çatdıqdan sonra fəaliyyətə başlaya və neft-qaz daşıyan tankerlərin təhlükəsiz müşayiətini təmin edə bilər.
Makron vurğulayıb ki, planlaşdırılan missiyanın əsas məqsədi regionda enerji təchizatının fasiləsizliyini təmin etmək və beynəlxalq dəniz ticarətinin təhlükəsizliyini qorumaqdır.

Bundan əvvəl Fransa müvəqqəti əsasda ABŞ-a regiondakı hərbi bazalarından istifadə imkanı verib. Bu barədə Fransanın silahlı qüvvələrinin Baş Qərargahına istinadən LCI televiziya kanalı məlumat yayıb.

Yaxın Şərqdə hərbi qarşıdurma fevralın 28-də ABŞ və İsrailin İrana qarşı hava zərbələri endirməsindən sonra başlayıb. Tehran isə buna cavab olaraq regionda Vaşinqtonun müttəfiqlərinə qarşı pilotsuz uçuş aparatları və raket hücumları həyata keçirib.

Məlumatlara görə, döyüş əməliyyatlarının başlanmasından bəri İranda 1255 nəfər həyatını itirib, 12 mindən çox insan yaralanıb. ABŞ tərəfi də itkilər verib: münaqişə başlayandan bəri səkkiz amerikalı hərbçi həlak olub. Sonuncu hərbçi martın 8-nə keçən gecə aldığı yaralardan dünyasını dəyişib. ABŞ Mərkəzi Komandanlığının məlumatına əsasən, o, “İran rejiminin Yaxın Şərqdə ilk hücumları zamanı” yaralanmışdı.

Mövzuya görə xəbərlər