BAKI, TurkicWorld
Avstraliyada 48 saat ərzində azı dörd köpəkbalığı hücumu faktının qeydə alınmasından sonra ölkənin onlarla çimərliyi bağlanıb.
TurkicWorld bu barədə xarici KİV-ə istinadən xəbər verir.
Son qeydə alınan fakt Yeni Cənubi Uels əyalətinin Point Plomer şəhəri yaxınlığında yerləşən çimərliyində baş verib. Köpəkbalığı 39 yaşlı sörferə hücum edib. Həmin şəxs bu mücadilədən ölümcül olmayan yaralarla sağ çıxıb və yerli xəstəxanaya çatdırılıb.
Öncəki hücumlar isə Sidney ətrafı çimərliklərdə qeydə alınmışdı. Yerli polis və sahil mühafizə qurumu vətəndaşları çimərliklərdə müvəqqəti olaraq çimməməyə çağırıb və bunu leysan yağışlardan sonra sular bulandığından okeanda təhlükəli vəziyyətin yaranması ilə əlaqələndirib.
“Su o qədər bulanıqdır ki, bu, köpəkbalıqlarının aktivliyinə əlverişli şərait yaradır. Bu səhər iki nəfər ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Bu mərhələdə çimərliklərin təhlükəsiz olmadığını tövsiyə etdiyimiz üçün yerli hovuzlara üz tutun”,- deyə "Surf Life Saving" qurumunun icraçı direktoru bildirib.







