BAKI,TurkicWorld Orxan Qədirzadə
ABŞ, Yaponiya, Avstraliya və Hindistanın yüksək səviyyəli diplomatları çərşənbə axşamı Hindistanın paytaxtı Yeni Dehlidə “Dördtərəfli Təhlükəsizlik Dialoqu” çərçivəsində bir araya gəliblər.
TurkicWorld xəbər verir ki, görüşdə ABŞ dövlət katibi Marko Rubio, Avstraliyanın xarici işlər naziri Penni Vonq, Yaponiyanın xarici işlər naziri Toşimitsu Motegi və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar iştirak edirlər.
Hindistan Xarici İşlər Nazirliyinin yaydığı məlumata görə, tərəflər “Dördtərəfli Təhlükəsizlik Dialoqu” çərçivəsində prioritet sahələr üzrə əməkdaşlığın genişləndirilməsi və hazırda davam edən təşəbbüslərin icra vəziyyətini müzakirə edəcəklər.
Bildirilib ki, görüş zamanı Hind-Sakit okean bölgəsində son geosiyasi proseslər, eləcə də qarşılıqlı maraq doğuran beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılacaq.
Hindistan rəsmilərinin sözlərinə görə, toplantının əsas gündəm mövzuları enerji təhlükəsizliyi, dəniz təhlükəsizliyi və regional sabitlik məsələləridir.
ABŞ, Avstraliya, Hindistan və Yaponiyanı birləşdirən “Dördtərəfli Təhlükəsizlik Dialoqu” 2007-ci ildə yaradılıb. Yeni Dehlidə keçirilən son görüş ABŞ ilə İran arasında davam edən müharibə fonunda baş tutur.
Hindistan hökuməti bildirib ki, bu platforma “qlobal rifah naminə fəaliyyət göstərmək və açıq, azad, inklüziv, firavan və dayanıqlı Hind-Sakit okean bölgəsini dəstəkləmək öhdəliyini paylaşan dörd ölkəni” bir araya gətirir.
“Dördtərəfli Təhlükəsizlik Dialoqu” liderlərinin son zirvə görüşü 2024-cü ildə ABŞ-də keçirilib.
Ötən həftə Hindistana ilk dördgünlük səfəri çərçivəsində gələn Marko Rubio bildirib ki, tərəflər platformanı yenidən canlandırmaq niyyətindədirlər.





