BAKI, TurkicWorld, Orxan Qədirzadə
Somali Prezidenti Həsən Şeyx Mahmud İsrailin Somaliland bölgəsini müstəqil subyekt kimi tanıması fonunda Türkiyəyə rəsmi səfər edəcək. Türkiyə Prezident Administrasiyasının Kommunikasiyalar İdarəsinin yaydığı məlumata görə, səfər çərçivəsində Ankarada yüksək səviyyəli görüşlərin keçirilməsi planlaşdırılır.
TurkicWorld xəbər verir ki, Kommunikasiyalar İdarəsinin rəhbəri Burhanəddin Duranın bildirdiyinə görə, danışıqlarda Somalidə terrorla mübarizədə mövcud vəziyyət, federal hökumətin milli birliyin möhkəmləndirilməsi istiqamətində atdığı addımlar, eləcə də regional proseslər müzakirə olunacaq.
Qeyd edək ki, Türkiyə İsrailin Somalilandı tanıması qərarını kəskin şəkildə pisləyərək bu addımı Somalinin daxili işlərinə açıq müdaxilə kimi qiymətləndirib. Rəsmi Ankara Somali dövlətinin suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini bəyan edib.
Somaliland 1991-ci ildə Somalidən birtərəfli qaydada ayrıldığını elan edib. Buna baxmayaraq, region uzun illər beynəlxalq səviyyədə tanınmayıb. Somaliland öz valyutası, təhlükəsizlik qüvvələri və inzibati strukturları ilə faktiki muxtar idarəetmə həyata keçirir.
Beynəlxalq ictimaiyyətin əksər hissəsi Somalilandın tanınmasına qarşı çıxıb. Afrika Birliyi, Misir, Körfəz Əməkdaşlıq Şurası, İslam Əməkdaşlıq Təşkilatı və Avropa İttifaqı Somalinin suverenliyinə hörmət edilməsinin vacibliyini vurğulayıb.
İsrailin bu qərarı Türkiyə–İsrail münasibətlərində gərginliyi daha da artıran son addımlardan biri kimi qiymətləndirilir. Ankara İsrailin Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatları kəskin tənqid edib, İsrail isə Türkiyənin gələcəkdə Fələstin ərazilərində mümkün sabitləşdirmə missiyalarında iştirakına qarşı çıxıb.







