BAKI, TurkicWorld, Orxan Qədirzadə
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran hazırda ABŞ, İsrail və Avropa ölkələri ilə “genişmiqyaslı müharibə” vəziyyətindədir.
TurkicWorld xəbər verir ki, bu barədə İranın “Əl-Aləm” televiziya kanalı məlumat yayıb.
Prezidentin sözlərinə görə, qeyd olunan tərəflər İranın inkişaf etməsini istəmir və ölkəyə qarşı müxtəlif istiqamətlərdən təzyiq siyasəti yürüdür. Pezeşkian vurğulayıb ki, İsrail İrana qarşı həyata keçirdiyi hücumların ölkədə siyasi sistemin dağılmasına gətirib çıxaracağını düşünürdü, lakin bu gözləntilər doğrulmayıb.
İran Prezidenti əlavə edib ki, ölkə mövcud təzyiqlərə və sanksiyalara baxmayaraq vəziyyəti nəzarətdə saxlaya bilib və bu mərhələdən də çıxmaq gücünə malikdir. Onun sözlərinə görə, İran ordusu İsrail ilə baş vermiş qarşıdurmadan əvvəlki dövrlə müqayisədə hazırda daha güclü vəziyyətdədir.
Pezeşkian qeyd edib ki, əgər İsrail və ABŞ tərəfindən yeni hücumlar həyata keçirilərsə, İran buna daha sərt cavab verəcək və qarşı tərəfə “daha ağır dərs” verəcək.
Xatırladaq ki, bundan əvvəl İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, İran tərəfindən atılacaq hər hansı addım sərt cavabla qarşılanacaq. Netanyahu eyni zamanda İsrailin İranla açıq müharibə axtarışında olmadığını, lakin Tehranın hərbi manevrlərini diqqətlə izlədiklərini qeyd edib.
Xatırladaq ki, iyunda İsrail İran ərazisinə hücum edərək bir sıra yüksək rütbəli hərbi komandiri və nüvə alimlərini hədəfə almışdı. 12 gün davam edən qarşıdurmanın son mərhələsində ABŞ də prosesə qoşularaq İranın əsas nüvə obyektlərini bunkeri deşən partlayıcılarla bombalamışdı.