BAKI, TurkicWorld, Abdulvahhab Ələskərov
ABŞ Hərbi Hava Qüvvələrinin beşinci nəsil “F-35A Joint Strike” qırıcılarından ibarət eskadrilya Puerto Rikodakı Ruzvelt Rods Hərbi Hava Qüvvələri bazasına çataraq bölgədəki ABŞ qüvvələrini gücləndirib.
TurkicWorld-un məlumatına görə, bu barədə “The War Zone” nəşri xəbər yayıb.
Qeyd olunur ki, bundan əvvəl sözügedən bazada ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus 10 ədəd F-35B qırıcı təyyarəsi yerləşdirilmişdi.
Nəşrin yazdığına görə, F-35A qırıcılarının bölgəyə göndərilməsi Venesuela prezidenti Nikolas Maduroya istefa verməsi üçün siyasi və hərbi təzyiq göstərilməsi missiyasının tərkib hissəsi olub.
Vermont ştatında yerləşən 158-ci Hava Milli Qvardiyası Qanadından göndərilən təyyarələrin dəqiq sayı açıqlanmayıb. Müşahidəçilər bölgəyə ən azı 10 qırıcının çatdırıldığını ehtimal edirlər.
ABŞ Hərbi Hava Qüvvələrinin Karib dənizi bölgəsinə ilk taktiki qırıcı təyyarəsi olan F-35A-nın yerləşdirilməsi, Hərbi Hava Qüvvələrinin Venesuela hava məkanının dərinliyindəki hədəflərə 900 kiloqram (2000 funt) ağırlığında idarə olunan bombalarla zərbə endirmə imkanlarını genişləndirir.






