BAKI, TurkicWorld, Nailə Babazadə
ABŞ prezidenti Donald Tramp çərşənbə axşamı tam səyahət qadağası tətbiq edilən ölkələrin siyahısını genişləndirərək, aralarında Suriya da olmaqla daha yeddi ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan edib.
TurkicWorld xəbər verir ki, Ağ Evin yaydığı bəyanatda bildirilib ki, Tramp milli təhlükəsizlik və ictimai təhlükəsizlik təhdidlərindən qorunmaq məqsədilə yoxlama, nəzarət və məlumat mübadiləsində ciddi çatışmazlıqları olan ölkələrin vətəndaşlarına qarşı giriş məhdudiyyətlərini “genişləndirən və gücləndirən” fərman imzalayıb.
Yeni qərara əsasən, Burkina Faso, Mali, Niger, Cənubi Sudan, Suriya və Fələstin Administrasiyası tərəfindən verilmiş səyahət sənədlərinə malik şəxslərin ABŞ-yə girişi qadağan edilib. Həmçinin əvvəllər qismən məhdudiyyət tətbiq olunan Laos və Syerra-Leone vətəndaşlarına qarşı da tam qadağa qüvvəyə minib.
Ağ Ev bildirib ki, genişləndirilmiş səyahət qadağası 1 yanvar tarixindən etibarən qüvvəyə minəcək.
Qərar Trampın noyabr ayında Suriya prezidenti Əhməd əş-Şaraa ilə apardığı danışıqlardan sonra Suriyanın uğurlu gələcəyi üçün əlindən gələni edəcəyinə dair verdiyi vədlərə baxmayaraq qəbul olunub. Tramp əş-Şaraanı dəstəkləyib və onun Bəşər Əsədi devirdikdən sonra müharibədən əziyyət çəkən ölkəni birləşdirmək və beynəlxalq təcriddən çıxarmaq istiqamətində səylərini müsbət qiymətləndirib.
Lakin Tramp ötən həftə “Truth Social” platformasında paylaşım edərək Suriyada baş verən və iki ABŞ əsgəri ilə bir mülki tərcüməçinin ölümünə səbəb olan, İŞİD-lə əlaqəli olduğu ehtimal edilən hücumdan sonra “çox ciddi cavab tədbirləri” görüləcəyini bəyan edib.
Ağ Ev Suriyaya qarşı qadağanı əsaslandırarkən viza müddətini aşma göstəricilərinə də istinad edib. Bildirilib ki, Suriya uzunmüddətli daxili münaqişə dövründən çıxsa da, hələ də pasport və mülki sənədlərin verilməsi üçün yetərli mərkəzi idarəetmə sisteminə və effektiv yoxlama mexanizmlərinə malik deyil.
Xatırladaq ki, Tramp iyun ayında 12 ölkənin vətəndaşlarına ABŞ-yə girişə tam qadağa qoymuş, yeddi ölkəyə isə qismən məhdudiyyətlər tətbiq etmişdi. Bu məhdudiyyətlər həm miqrantlara, həm də turist, tələbə və işgüzar səfər edən şəxslərə şamil olunur.
Ağ Ev bildirib ki, tam qadağa qüvvədə qalan 12 ölkə ilə yanaşı, daha 15 ölkəyə, o cümlədən Nigeriyaya qarşı da qismən giriş məhdudiyyətləri tətbiq edilib.
Donald Tramp yanvar ayında yenidən prezident vəzifəsinə qayıtdıqdan sonra miqrasiya nəzarətini sərtləşdirib, federal qüvvələri böyük şəhərlərə cəlb edib və ABŞ–Meksika sərhədində sığınacaq axtaran şəxslərin geri qaytarılmasını gücləndirib.
Yeni məhdudiyyətlər ötən ay Vaşinqtonda iki Milli Qvardiya üzvünün güllələnməsindən sonra administrasiyanın miqrasiya siyasətində atdığı növbəti sərtləşdirici addım kimi qiymətləndirilir. Hadisəni törədən şəxsin 2021-ci ildə ABŞ-yə köçürmə proqramı ilə daxil olmuş Əfqanıstan vətəndaşı olduğu bildirilir.
Hadisədən bir neçə gün sonra Tramp “üçüncü dünya ölkələri”ndən miqrasiyanı tam dayandırmaq niyyətində olduğunu açıqlasa da, konkret ölkələrin adını çəkməyib.






