ABŞ Donald Tramp Süni intellekt Robot texnologiyası Maskın siyasi rolu Mask və Tramp münasibətləri Maskın siyasətdən uzaqlaşması

Tesla-nın robot proqramında rəhbər dəyişikliyi

BAKI, TurkicWorld

Tesla-nın insanabənzər robot proqramının mühəndislik rəhbəri Milan Kovac vəzifəsindən istefa verdiyini açıqlayıb.

TurkicWorld xəbər verir ki, Kovac istefasını şəxsi səbəblərlə – ailəsinə daha çox vaxt ayırmaq istəyi ilə izah edib, lakin bəzi mənbələr bunu İlon Mask və ABŞ Prezidenti Donald Tramp arasında son zamanlar artan gərginliklə əlaqələndirirlər.

Tesla-nın süni intellekt və robototexnika sahəsində aparıcı layihələrindən biri olan Optimus proqramına rəhbərlik edən Kovac, 9 illik fəaliyyətindən sonra ayrıldığını sosial media platforması X hesabında “Çox uzun müddətdir ki, evdən uzaqdayam və indi ailəmlə daha çox vaxt keçirməliyəm. Bu qərarım yalnız şəxsi səbəblərlə bağlıdır və başqa heç bir amillə əlaqəli deyil. İlon və komandaya dəstəyim davam edir.” -deyə bildirib.

Bununla belə, Bloomberg-ə danışan adı açıqlanmayan mənbə Kovacın istefasının, Mask və Tramp arasında sosial mediada yaşanan qarşılıqlı ittihamlar fonunda verildiyini iddia edib.

Qeyd edək ki, Kovac daha əvvəl Tesla-nın Autopilot layihəsində mühüm rol oynamış, 2022-ci ildən isə Optimus proqramına rəhbərlik etmişdi.

Bəzi texnologiya analitikləri Optimus layihəsinin hələlik gözləntiləri doğrultmadığını bildirirlər. Məlumata görə, təqdim olunan prototiplərdən biri uzaqdan idarə olunan olub, digəri isə redaktə edilmiş tanıtım videosu ilə nümayiş etdirilib. Bu isə layihəyə qarşı etimadsızlığa və sualların yaranmasına səbəb olub.

Futurism platformasına əsasən, Optimus hələ ki iqtisadi baxımdan səmərəli deyil və İlon Maskın investorlara verdiyi bəzi iddialı vədlərin reallıqla uyğun gəlmədiyi də iddia olunur.

Mövzuya görə xəbərlər