BAKI, TurkicWorld
ABŞ Dövlət Departamenti 3 min 400-dən çox əməkdaşını ixtisar edəcək.
TurkicWorldxəbər verir ki, ABŞ Dövlət Departamenti restrukturizasiya planı çərçivəsində işçi sayını 18 faiz azaldaraq 3 min 448 əməkdaşı ixtisar etməyi planlaşdırır.
Bu addım departamentin daha çevik və funksional fəaliyyət göstərməsi məqsədi daşıyır.
CBS News-un yaydığı məlumata görə, Konqresə təqdim olunan sənədlərdə göstərilib ki, ixtisar ediləcək şəxslərdən 1575 nəfəri könüllü şəkildə vəzifəsini tərk edəcək. Həmçinin, ölkə üzrə idarələrin təxminən 45 faizinin ya birləşdiriləcəyi, ya da bağlanacağı bildirilib.
Sənədlərdə immiqrasiya məsələləri ilə məşğul olan ofislərin yenidən təşkil ediləcəyi, regional bölmələrdə birləşmələrin həyata keçiriləcəyi və Əfqanıstan müharibəsində ABŞ ordusuna yardım etmiş şəxslərə dəstək proqramının dayandırılacağı da qeyd olunub.
Departamentin sözçüsü Tammy Bruce bildirib ki, bu plan yüksək rəhbərliyin uzunmüddətli əməkdaşların rəylərini nəzərə alaraq apardığı hərtərəfli təhlil nəticəsində hazırlanıb.
“Yenidənqurma planı ABŞ-ın maraqlarını qorumaq və vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün daha çevik bir Departament yaradacaq.” - deyə Dövlət katibi Marko Rubio X platformasında yayımladığı açıqlamada qeyd edib.
Qeyd edək ki, Rubio apreldə bu struktur dəyişikliyinin lazımsız ofislərin ləğvi və ABŞ-ın milli maraqlarına uyğun gəlməyən proqramların dayandırılması ilə müşayiət olunacağını bəyan etmişdi.






