BAKI, TurkicWorld
İran şərq sərhədinə 400 kilometrlik təhlükəsizlik divarı inşa edir.
TurkicWorld xəbər verir ki, İran Quru Qoşunlarının komandanı briqada generalı Kiyomers Heydəri şərq sərhədlərində təhlükəsizliyin artırılması məqsədilə ilin sonuna qədər 400 kilometrlik təhlükəsizlik divarının inşa ediləcəyini açıqlayıb.
O, İran dövlət televiziyasına verdiyi açıqlamada bu günə qədər 103 kilometr divarın tikildiyini, əlavə 140 kilometrlik hissənin infrastrukturunun tamamlandığını bildirib.
Heydəri əlavə edib ki, divar müasir sensorlar və yüksək texnologiyalı monitorinq sistemləri ilə təchiz olunacaq. Tehran administrasiyası bu addımla Əfqanıstan və Pakistan sərhədindən qeyri-qanuni miqrasiyanın və rejim əleyhdarlarının sızmasının qarşısını almağı hədəfləyir.
Qeyd edək ki, İran prezidenti Məsud Pezeşkian Tehranda çıxışı zamanı ABŞ-ın diplomatik danışıqlar əvəzinə sanksiyalara üstünlük verməsinə münasibət bildirərək , “Əgər onlar bizimlə danışıqlardan imtina etsələr və sanksiyalar tətbiq etsələr, biz aclıqdan ölməyəcəyik. Yüzlərlə həll yolu var və ölkənin potensialından düzgün istifadə olunarsa, heç kimə ehtiyac qalmayacaq” - deyə bildirib.
Pezeşkian həmçinin ölkənin böyük enerji və təbii ehtiyatlara sahib olduğunu vurğulayaraq, problemlərin səbəbini bu imkanlardan düzgün istifadə edilməməsi ilə əlaqələndirib.







